Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdirilir.
Bakıvaxtı.az-ın xəbərinə görə, Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılan dəyişikliklərə əsasən, tələb olunan məlumatların aidiyyəti quruma təqdim edilməməsi, gecikdirilməsi və ya təhrif olunması hallarında vəzifəli şəxslər 6-7 min, hüquqi şəxslər isə 15-20 min manat məbləğində cərimələnəcək.
Qurumun sorğularına 5 iş günü ərzində cavab verilməməsinə görə vəzifəli şəxslər 7-8 min, hüquqi şəxslər 25-30 min manat cərimə ödəyəcəklər.
Eyni zamanda, yaşın yoxlanılması mexanizmlərinin tətbiq edilməməsi, yeniyetmələrin təhlükəsizliyinin təmin olunmaması, zərərli məzmunun vaxtında bloklanmaması və şəxsi məlumatlardan qanunsuz istifadə halları üçün vəzifəli şəxslərə 8-9 min, hüquqi şəxslərə isə 35-40 min manat cərimə nəzərdə tutulur.
Təkrar pozuntular zamanı cərimələr daha da artırılaraq vəzifəli şəxslər üçün 9-10 min, hüquqi şəxslər üçün isə 45-50 min manat təşkil edəcək.
Qanunun qəbul ediləcəyi təqdirdə, o, dərc olunduqdan 12 ay sonra qüvvəyə minəcək.
Zeynəb Rzayeva
Bakı 



