• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şou sakinlərinin AD DAVASI - Kim haqlıdır: Qanun nə deyir? 

MƏDƏNİYYƏT

05 Fevral 2024 | 09:14

Şou sakinlərinin AD DAVASI - Kim haqlıdır: Qanun nə deyir?

Son zamanlar yerli məşhurların ad qalmaqalları artmaqda davam edir. Biri ölkənin ilk "Şəbnəmi" olduğunu iddia edir, digəri isə onun adını doğrultmayan Zaurları məhkəməyə verəcəyini bildirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bir müddət öncə Əməkdar artist Şəbnəm Tapdıq “Şəbnəm” adlı müğənniləri məhkəməyə verəcəyini dedi. Üstündən bir neçə gün keçdikdən sonra isə Tovuz elinin qızı Şəbnəm Tovuzlu Şəbnəm Tapdıqın hədəfinə tuş gəldi. Belə ki, Tapdıq Tovuzlunu məhkəməyə verib, ondan adını dəyişdirməsini tələb etdi.

Yerli şou biznesdə ad davası təkcə Şəbnəmlər arasında deyil. Məşhur Zaurlarımız da adlarını paylaşa bilmirlər. Elə Xalq artisti Zaur Rzayev kimi…

Sənətçi iddia edir ki, son illərdə uşaqlara verilən “Zaur” adının səbəbkarı odur. Hətta Xalq artisti məşhur Zaurları da “senzura”sından keçirmək fikrindədir. O, Zaur adını doğrultmayan Zaurları məhkəməyə vermək istəyir.

Bəs hüquqşunaslar nə deyirlər? Ada görə kimisə məhkəməyə vermək olarmı?

Səbuhi Axundov: Bəsit şoudur, bu tələbin heç bir hüquqi əsası yoxdur

Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşunas Səbuhi Axundov bunun bəsit şou olduğunu deyir. Onun sözlərinə görə, bu tələbin heç bir hüquqi əsası yoxdur:

“Bu, sadəcə şoudan başqa bir şey deyil. Burada müəllif hüququna daxil olacaq predmet yoxdur. Bu, hər hansı kəşf də deyil ki, onu xüsusi mühafizə altına alan patent əldə edələr. Ümumiyyətlə yalnız müəllifin təxəyyülünun məhsulu olduğu sübut olunub, dövlət qeydiyyatına alınmalı olan hüquqdur. Bu adamlar adlarına əlaqəli agentlikdə şəhadətnamə alıb, əqli mülkiyyət kimi təsdiq etdirə bilirlər? Əvvəl onu etsinlər, sonra kiməsə iddia qaldırsınlar. Bu da təbii ki, mümkün deyil. Deyək ki, bu adı onlar kəşf ediblər. Özləri özlərinə ad qoyublar?”

Şamil Paşayev: Ada görə kiminsə məhkəməyə verilməsi qanunsuzdur

Mövzü ilə bağlı hüquqşunas Şamil Paşayev də həmkarının fikirləri ilə razılaşır. Bakıvaxtı.az-a danışan hüquqşunasın sözlərinə görə, hər hansı bir şəxs adının, soyadının, təxəllüsünün patentini almayıbsa, patentləşdirilməyibsə, Əqli Mülkiyyət Agentliyindən seritifikat alınmayıbsa, bu, çox absurddur.

“Belə bir şeyə görə ondan icazə alınması, icazə istənilməsi, ada görə kiminsə məhkəməyə verilməsi tamamilə əsassızdır, qanunsuzdur”.

Məsələnin hüquqi yönünü öyrəndik. Bəs ad davalarının psixoloji təsir və səbəbləri nədir? Hansı psixoloji durumda öz adını başqasına qısqana, başqa adamın ad qoyularkən səndən icazə almasını tələb etmək olar? Psixoloqlar nə deyirlər?

Vəfa Rəşidova: Bu mövzuların daxilində psixoloji problemlər dayanır

Psixoloq Vəfa Rəşidova Bakıvaxtı.az-a bildirib ki, kənardan sadə və baş qatıcı görünən bu mövzuların daxilində psixoloji problemlər dayanır:

“Bu mövzunun kökündə eqo dayanır. Eqolu insanlar hər yerdə özlərindən danışılmasını, diqqət mərkəzində özlərinin olmasını istəyirlər. Xüsusən də şou biznes əhli bu mövzuda çox maraqlıdır. Onlar bunu göstəriş xətrinə və gündəmdə qalmaq üçün edirlər”.

Onun sözlərinə görə, bu mövzu həm də çox həssas mövzudur. Müsahibimiz qeyd edir ki, bəlkə də bəzi insanların həqiqətən də adı ilə bağlı kompleksi var, adını paylaşa bilmir:

“Bunlar da ola bilər. Amma əksər hallarda kompleks məsələsi olmur. Şou sakinləri bu mövzunu təkrarlayırlar. Bu, artıq mövzunun bitməsi deməkdir. Bəs nəyi müzakirə etsinlər? Nə ilə gündəmə gəlsinlər? Ona görə də ad mövzusuna müraciət edirlər. Çünki bu mövzu hamı üçün yenidir”.

Məsələnin eqo və gündəm yaratmaq istəyi ilə bağlı olduğunu deyən psixoloq mövzunun diqqətli yanaşma tələb etdiyini bildirir:

“Bəzi insanlar bu mövzuya gülür, bəziləri həqiqətən də problem edir. Məsələn, Şəbnəm xanım adı ilə bağlı iddialar səsləndirəndə, mövzu yetəri qədər çox müzakirə olundu. Çox ciddi marağa səbəb oldu. Sadə mövzu kimi görünürdü, amma bütün insanlar tərəfindən müzakirə edilirdi. Bəziləri qınayırdı, bəziləri dəstəkləyirdi, bir hissə gülürdü. Bu kənardan göründü ki, müzakirə yarada biləcək bir mövzudur. Bunu bəzi insanlar gündəmdə, yaddaşlarda qalmaq üçün istifadə edirlər. Bunun adı isə eqodan və yadda qalmaq çabasından başqa bir şey deyil”.

Ümid edək ki, şou sakinlərinin ad davası, iş davasına çevrilər. Pis mənada yox. Niyyətimiz onların dava etmələri deyil. Amma sənət, musiqi üçün çalışmaq, buna görə rəqabət aparmaq ad üstündə savaşa çıxmaqdan daha yaxşı, şərəfli və qürurludur.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026