• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

-Ov, - yev-dən niyə qurtula bilmirik?

CƏMİYYƏT

06 Yanvar 2023 | 10:29

-Ov, - yev-dən niyə qurtula bilmirik?

30 illik müstəqillik tariximizdə Azərbaycan soyadlarının milli indenfikasiya məsələsi dəfələrlə müzakirə müstəvisinə çıxarılıb. Təkcə dövlətimizin deyil, həm də soyadlarımızın da imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “ov”lanmaqdan, “ev”lənməkdən xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-dən çoxu -ov, -yev soyad sonluqlarını daşımaqdadır.

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, milli soyad, milli ad xalqın atributlarından biridir, bəlkə də birincisidir. Milləti birinci adına, soyadına görə tanıyırlar. Sonra bayraq, gerb, himn gəlir.

Onun spzlərinə görə, soyad millətin pasportudur, kimliyidir:

“Biz 30 il əvvəl Milli Məclisdə soyadların milliləşməsi haqqında qərar qəbul etsək də, sonradan bu məsələ taleyin ümidinə buraxıldı. Camaat baxdı ki, yuxarıda oturan vəzifə sahibləri bununla az maraqlanır, qərarı qəbul edən deputatlar özləri soyadlarını milliləşdirmir. Bir vaxtlar Milli Məclisdə himn oxunanda 152 deputatdan 15-20-nin dodağı tərpənirdi. Halbuki, himn oxunmalıdır. Soyad məsələsi də belədir. Hər halda, 30 ildir biz müstəqilik. Bu müddət ərzində bizim bir çox problemlərimiz həll olunub, ən nəhayət, torpaqlarımızı erməni işğalından azad etmişik. İndi orda bir ovuc separatçı qalıb, onun da cavabı verilər. Amma hər bir halda, Azərbaycan torpaqlarının bütövlüyünü təmin edib, dünyada sayılan, seçilən dövlətdir”.

S. Rüstəmxanlı bildirib ki, kimsə milli soyad məsələsinin Rusiya ilə Azərbaycan məsələsinə mənfi təsiri kimi yanaşa bilər:

“Lakin 30 il əvvəl sakitcə bu məsələ öz həllini tapsaydı, yeni doğulan uşaqlara sonunda -ov (-yev) olmadan milli soyad verilsəydi, indi əhalinin 80%-i yad soyaddan qurtulmuş olardı. Yaşlı nəsil başadüşüləndir, bu soyaddan vidalaşmaq istəmir. Amma heç olmasa, 2023-cü il və sonra doğulan uşaqların soyadına -ov (-yev) yazılmasın. Təkliflər içərisində -lı (li, li, lü), -soy, -oğlu kimi və folklorumuzdan gələn sonluqlar var. Təəssüf ki, bəziləri bunu başa düşmək istəmir. Dövlətin bəlkə də bu işə qarışmasına ehtiyac yoxdur. Vətəndaş özü ayıq olsa, milli kimliyinə, uşağının gələcəyinə hörmətlə yanaşsa, özü bunu həll edər. Biganəlik var, bu məsələyə ikinci, üçüncü dərəcəli iş kimi baxırlar. Halbuki doğurdan da bu, olduqca böyük problemdir. Ümumiyyətlə, milli məsələdə xırdalıq ola bilməz. Güman edirəm ki, mənim çağırışım geniş yayılacaq.

Təbii ki, Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinə tapşırıq verə bilər ki, bu məsələ xalqın, millətin marağı baxımından həll olunmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026