• Bakı C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Süni intellekt: inqilab, yoxsa qeyri-leqallıq? - HÜQUQŞÜNAS DANIŞDI

CƏMİYYƏT

23 Dekabr 2024 | 14:29

Süni intellekt: inqilab, yoxsa qeyri-leqallıq? - HÜQUQŞÜNAS DANIŞDI

Süni intellekt son illərin ən inqilabi texnologiyalarından biri hesab edilir.

Süni intellektin inkişafı, cəmiyyətin müxtəlif sahələrində dərin dəyişikliklərə səbəb olmuşdur. Onun tətbiqi iqtisadiyyatdan tibb sahəsinə, təhsildən logistikaya qədər çox mütərəqqi dəyişikliklər yaratmışdır.

Bu texnologiya cəmiyyətin bir çox aspektinə müsbət təsir etməklə yanaşı, ciddi problemləri də ortaya qoyur. Sürücüsüz avtomobillər, avtomatlaşdırılmış tibbi diaqnostika sistemləri, çatbotlar və robotika sahəsindəki naliyyətlər süni intellektin imkanlarının geniş spektrini ortaya qoyur. Lakin bu texnologiyaların istifadəsi bəzən ciddi hüquqi və etik suallar yarada bilər.

Bəs bu sahədə hüquqi tənzimləmə ilə bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, bu sualın cavabı tək tənzimləyici orqanların deyil, bütün cəmiyyətin maraqları baxımından vacibdir:

"Məsələn, sürücüsüz avtomobilin tərəf olduğu yol qəzasında məsuliyyət kimdədir? Yaxud, süni intellektə əsaslanan sistemlər tərəfindən verilən qərarların obyektivliyi və qərarsızlığına nəzarət necə ediləcək? Bu kimi sualların cavabı buna görə, süni intellektin tənzimlənməsi, texnologiyanın təsirlərini balanslaşdırmaq və insanları qorumaq baxımından önəmli bir addımdır".

Onun sözlərinə görə, süni intellektin hüquqi tənzimlənməsi sərfəli tətbiq imkanlarını qoruyaraq bu texnologiyaların fəsadlarını minimuma endirməyi hədəfləməlidir:

"Bəzən tənzimləmənin həddən artıq olması innovasiyanı ləngidə bilər, lakin tənzimləmənin olmaması da cəmiyyətin önəmli maraqlarına zidd nəticələrə yol aça bilər. Məsələn, süni intellekt sistemləri çoxlu miqdarda şəxsi məlumat emal edir. Bu məlumatların toplanması, saxlanması və istifadəsi zamanı fərdi məxfiliyin qorunması təmin edilməlidir. Üstəlik, məlumatların qeyri-qanuni istifadəsinin qarşısını almaq üçün güclü hüquqi normalar tələb olunur".

Hüquqşünas qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi cəmiyyətə, iqtisadiyyata və fərdi azadlıqlara geniş təsir göstərir:

"Əsas sual odur ki, süni intellekt texnologiyalarından istifadə prosesində mümkün olan xətalar və ya ziyanlar üçün kim cavabdeh olmalıdır? Bu sual süni intellekt sistemlərinin muxtar şəkildə çalışması və insan müdaxiləsinin minimuma endirilməsi fonunda çətinlik yarada bilir. Bu sistemin tətbiq edilməsi çox miqdarda şəxsi və kommersiya məlumatlarının toplanmasını və emalını nəzərdə tutur. Bu məlumatların istifadəsi və qorunması insan hüquqları baxımından mühümdür. Buna görə də, süni intellekt texnologiyalarını istifadə edən qurumlar şəxsi məlumatları qorumaq üçün müəyyən tələblərə cavab verməlidir".

O əlavə edib ki, süni intellekt sistemləri bəzi hallarda fərdlərarası diskriminasiyaya da səbəb olur:

"Çünki onlar təlimləndirilmə prosesində qeyri-adekvat məlumatları istifadə edir. Məsələn, süni intellektin çətinliklə qərar verdiyi sahələrdə irqi, cins və ya sosial status üzrə yanışmalar mümkün olur. Bu cür hallarla mübarizə aparmaq üçün süni intellekt sistemlərinin təlimi və istifadəsinə dair açıqlıq prinsipinin qorunması vacibdir. Buna görə də, demək olar ki, süni intellekt texnologiyaları transsərhəd areala malikdir, buna görə də, milli qanunlarla yanaşı beynəlxalq hüquqi çərçivənin yaradılması çox vacibdir".

Ayxan Məmmədli: Azərbaycanda süni intellekt sistemlərinin hüquqi tənzimlənməsi inkişaf edən sahədir

Ayxan Məmmədli ölkəmizdə bu sahənin qanunvericiliklə necə tənzimləndiyindən də söz açıb. Həmsöhbətimiz deyib ki, Azərbaycanda süni intellekt sistemlərinin hüquqi tənzimlənməsi, hələ ki inkişaf etməkdə olan bir sahədir və bir çox hüquqi, etik məsələlərə toxunur. Süni intellektin tətbiqi genişləndikcə bu texnologiyanın hüquqi çərçivələrinin müəyyən edilməsi zərurəti daha da aktuallaşır:

"Azərbaycanda süni intellektin hüquqi tənzimlənməsi üçün xüsusi bir qanun yoxdur, amma bir sıra mövcud qanunlar və normativ-hüquqi aktlar bu sahədə tətbiq oluna bilər. Bu qanunlar əsasən, məlumatların qorunması, şəxsi məlumatların emalı, əqli mülkiyyət hüquqları, cinayət hüququ və digər müvafiq sahələri əhatə edir. Məsələn, 2010-cu ildə qəbul edilmiş "Şəxsi məlumatların qorunması haqqında" qanun süni intellektin insanlara aid məlumatları emal etməsi məsələsini tənzimləyir. Həmçinin, süni intellekt tərəfindən yaradılmış proqram təminatı və digər nəticələr, müvafiq olaraq müəllif hüquqları və patentlərlə tənzimlənə bilər".

Son olaraq mütəxəssis vurğulayıb ki, bu səpkidə Azərbaycan beynəlxalq hüquq və Avropa Birliyi qanunvericiliyi ilə harmonizasiya məsələlərinə də diqqət yetirir:

"Avropada süni intellektin hüquqi tənzimlənməsi üçün yeni təkliflər və qanun layihələri müzakirə edilir. Məsələn, Aİ-nin 2021-ci ildə təqdim etdiyi "Süni İntellektə dair Qanun Proyekti" buna misal ola bilər. Bu layihənin məqsədi, süni intellektin etik və təhlükəsizlik məsələlərini tənzimləyərək, cəmiyyətə və iqtisadiyyata faydalı olmasını təmin etməkdir”.

Əli Hüseynov


SON XƏBƏRLƏR