• Bakı 20° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyənləşdi - YENİLƏNİB

MƏDƏNİYYƏT-ŞOU

05 Avqust 2022 | 18:19

VIII “Muğam” müsabiqəsinin qalibləri müəyyənləşdi - YENİLƏNİB

Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda, mədəniyyət və incəsənət xadimləri, görkəmli xanəndə və musiqiçilər iştirak edib.

Konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.

Daha sonra müsabiqənin finalçıları çıxış edib. Çıxışlar bitdikdən sonra qaliblər müəyyənləşib:

Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.

Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənova isə ikinci yerin qalibi seçiliblər.

Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.

İki ifaçı isə həvəsləndirici mükafatla təltif edilib.

*** 16:09

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri daha bir möhtəşəm tədbirə ev sahibliyi edir.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı məhz muğam beşiyində keçirilir.

Bülbülün ev-muzeyinin həyətində təşkil olunan müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.

Münsiflərə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və müsabiqənin icraçısı Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi daxildir. Finalda gənc xanəndələr Fuad Əzizzadə, Ülkər Abdullayeva, Daşqın Kürçaylı, Aynur Həsənxanova, Vüqar Əbilov, Pedram Rəncbər və Məftun Səfərli ilə yanaşı, azyaşlı ifaçılar Həzrət Əzizli, Fatimə Kərimova və Sabir Ağayevin çıxışları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023