Məlumdur ki, sentyabrın 29-dan ali məktəblərdə təhsil əyani formada açılacaq. Ancaq bir çox universitet hələ də nə dərs cədvəlini deyir, nə də dərslərin hansı formada keçiriləcəyini.
Universitetlərin bu qədər gec qərar verməklərinə səbəb nədir?
Təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a bildirib ki, universitetlər özləri də nə edəcəklərini bilmirlər:
"Əlbəttə ki, universitetlərin əvvəldən bir planı olmalıdır. Biz dövrün çox qeyri-müəyyən olduğunu başa düşürük. Yəni universitet rəhbərlərinin özü də bir çox məsələ də çaş-baş qalıb, nə edəcəklərini bilmirlər. Dərslər pandemiya şəraitinə görə təşkil olunmalıdır, amma universitetlərin sinif otaqları həmin tələbələri pandemiya şəraitinə uyğun yerləşdirməyə uyğun deyil. Ona görə də, bununla bağlı ciddi problemlər var, amma, hər bir halda, dərs planı tələbələrə göndərilməlidir ki, onlar da işlərini görə bilsin. Mənim tövsiyyəm isə ondan ibarətdir ki, keçilən mühazirə onlayn da ola bilər. Yəni sadəcə müəllim danışacaq, tələbə qulaq asacaqsa, tələbələri universitetə gətirməyə ehtiyac yoxdur, bunu onlayn etmək daha rahatdır. Ancaq praktiki dərslər pandemiya şəraitinə uyğun təşkil olunaraq mütləq universitetlərdə olmalıdır".
Aytac Aslan
















