Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 2013-cü ildə siyasətdən getdiyini bildirsə də, bu il yenidən siyasi aləmə qayıdıb. Ümumilikdə Petrosyan fəaliyyəti dövründə dəfələrlə siyasətdən getdiyini desə də, yenidən siyasi sferada aktivlik göstərib.
Son geri dönüşündə dəyişməyən yeganə amil hələ də Azərbaycana qarşı düşmənçiliyidir. Beynəlxalq siyasi mövqeyində isə rusiyayönümlü çıxışları ilə diqqət çəkib. Onun sərgilədiyi hazırkı mövqeni Baş nazir Nikol Paşinyan da tənqid edib.
Hesab etmək olarmı ki, Ter-Petrosyanın siyasi aktivliyi Ermənistanın daxilində siyasi gərginliyə səbəb olacaq? Petrosyan Paşinyana qarşı ictimaiyyətdə nifrət yarada və vəzifəsindən getməsinə şərait yarada bilərmi?
Mövzu ilə bağlı deputat Müşfiq Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanda siyasi ziddiyyətlər dərinləşir. Ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan da bundan istifadə edərək, yenidən siyasi səhnəyə qayıdıb.
Onun sözlərinə görə, bəzi məqamlarda siyasətə qayıdışı ilə yadda qalan Ter-Petrosyan bu dəfə Rusiya ilə yaxın təmasda olan, mövqeyini Moskvanın maraqları istiqamətində dəyişən siyasi fiqur kimi çıxış edir. Bu çıxışın hədəfləri açıq şəkildə göstərir ki, sabiq prezident artıq xarici qüvvələrin səsinə çevrilməyə başlayıb:
"Levon Ter-Petrosyan ölkənin qərbyönlü siyasətinə qarşı çıxaraq, Nikol Paşinyanın mövqeyinin zəifləməsində maraqlıdır. Siyasətdən çəkildiyini bəyan etmiş Levon Ter-Petrosyanın birdən-birə yenidən fəallaşması, həm də bu fəallığın Rusiya səfiri ilə təmasların fonunda baş verməsi bir çox suallar yaradır. Nikol Paşinyan hökuməti Qərblə strateji əməkdaşlığı genişləndirmək, ABŞ və Avropa İttifaqı ilə inteqrasiyanı dərinləşdirmək, Türkiyə ilə sərhədlərin açılmasına yönəlmiş konkret addımlar atmaq istəyir”.
Müşfiq Cəfərov: Levon Ter-Petrosyanın kənar qüvvələrin maraqlarına xidmət etməsi açıq-aşkardır
Müsahibimizə görə, o da məlumdur ki, Paşinyan hökuməti regionda real, davamlı sülhə nail olmaq üçün son vaxtlar Azərbaycana qarşı təcavüzkar ritorikadan uzaq durmağa, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində əməkdaşlığa və real nəticə əldə etməyə çalışır:
“Bu, təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün tarixi imkanlar açır. Lakin belə bir perspekti bəzi qüvvələr üçün arzuolunan deyil".
M.Cəfərov vurğulayıb ki, məhz sözügedən səbəbdən Ermənistan daxilindəki müxalif qüvvələrin fəallaşması və onların arxasında dayanan dairələrin prosesləri pozmaq cəhdləri artıq açıq müstəviyə keçib.
"Sabiq prezident Levon Ter-Petrosyan hər zaman Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin Ermənistan dövlətçiliyi qarşısında duran ən mühüm məsələ olduğunu qeyd edirdi. O, prezident olduğu zamanda da Ermənistanın və “Artsax”ın gələcəyi, ölkələrimizin iqtisadi firavanlığı, erməni xalqının rifahı ilk növbədə Qarabağdan asılı olduğunu qeyd edirdi. Petrosyana görə, məsələnin yeganə həlletmə yolu var, o da Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını həll etmək hüququnun gerçəkləşdirilməsidir. Yenə eyni nağıllarla xalqı mövcud hakimiyyətə qarşı qaldırmağa çalışan sabiq prezident kənar qüvvələrin maraqlarına xidmət etməsi də açıq-aşkardır", - deyə Müşfiq Cəfərov əlavə edib.
Gülşən Şərif