Dünən uşaq bağçada çəkilmiş videogörüntülərin sosial şəbəkədə yayılması hər kəsi qəzəbləndirib. Belə ki, İsmayıllı rayonunda yerləşən uşaq bağçada çəkilmiş videoda tərbiyəçi uşağın başına vuraraq yeməyi ağzında tutmasını tələb edir. Bağçalarda belə vəziyyətin yaranmasına səbəb nədir?
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a bildirib ki, hazırda Azərbaycanda 1693 uşaq bağçası var və burada 123 min uşaq təlim-tərbiyə prosesinin iştirakçısına çevrilib: “Etiraf edək ki, 2011-ci ildən uşaq bağçaları İcra Hakimiyyətlərinə verildikdən sonra biz ciddi dəyişikliklər gözləyirdik. Ancaq vəziyyət hər gün geriyə doğru getməyə başladı. Burada təhcizat, qidalanma problemləri ilə yanaşı tədris prosesinin təşkili də çox aşağı səviyyədədir. Məhz mövcud problemlər, uşaq bağçalarını bitirən uşaqların 1-ci sinifə qəbulu zamanı bilik və bacarıqlarının, psixoloji dayanıqlıqlarının normal olmaması nəticəsində prezident 2021-ci ilin dekabrında bağçaları yenidən Təhsil Nazirliyinə verdi”.
Onun sözlərinə görə, son 10 il ərzində uşaq bağçalarına qəbul şəffaf formada həyata keçirilməyib. K.Əsədov deyib ki, 2016-cı ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” qanunun tələbinə görə bu sahədə mütləq ali təhsilli və ixtisaslı kadrlar çalışmalıdır: “Qqanunvericiliyin tələbinə görə, işə qəbul zamanı bir sıra hallar da yoxlanılır. Yəni şəxsin psixoloji durumu belə yoxlanılmalıdır. Çox təəssüflər olsun ki, bizdə işə qəbul prosesi şəffaf olmadığı üçün bu cür hadisələr mütəmadi baş verir. Biz uşaq bağçalarının həm özəl, həm də dövlət sektorunda araşdırma aparanda gördük ki, özəl bağçalarda, demək olar, belə hallar baş vermir. Ona görə ki, özəl uşaq bağçaları daha çox xidmətdə maraqlıdırlar. Eyni zamanda, özəl uşaq bağçaları kamera vasitəsilə valideynlər tərəfindən mütəmadi izlənmə imkanlarına malikdir. Dövlət uşaq bağçalarının isə kamera izləməsi yoxdur. Mən düşünürəm ki, bağçalar Təhsil Nazirliyinə verildikdən sonra uşaqların qəbulu mərkəzləşmiş elektron qaydada olmalıdır. Təəssüf ki, bizdə uşaqları nəyinsə qarşılığında qəbul edirlər”.
Ekspert onu da vurğulayıb ki, bütün hallarda şagirdlərə, xüsusən azyaşlı və yeniyetmələrə qarşı fiziki, psixoloji zorakılıq tətbiq edilə bilməz: “Bu, Azərbaycanın qanunvericilik tələblərinin ciddi şəkildə pozulmağıdır. Ümumiyyətlə, uşağa bağçada, şagirdə məktəbdə fiziki zorakılıq tətbiq edənlər tədris, təlim-tərbiyə prosesindən bilavasitə uzaqlaşdırılmalıdır. Yəni, bunlarla bağlı çox ciddi addım atılmalıdır. Kamera qoyduqda da problem olacağını düşünmək yanlışdır. İnsanlar bundan narahat olmalıdırlar. Özəl bağçaların təcrübəsinə baxanda görürük ki, birmənalı olaraq, kamera izlənməsi belə halları kəskin şəkildə azaldır. Bəzən insanlar emosional olaraq buna yol verirlər, amma, biz pedeqoji kadr olaraq ixtisaslı mütəxəssisləri götürsək, kamera izlənməsini həyata keçirsək, belə hallar azalacaq. Bu hal sərt cəza tələb edir, çünki insanlar yalnız cəzadan qorxmalıdırlar. Belə halları törədənlər cəzalandırılmalıdır ki, digərləri dərs götürsünlər.” K.Əsədovun sözlərinə görə, İsmayıllıda uşağı döyənin onun qohumu və ya yaxın ailə üzvü olması onu cəzadan azad etmir: “Valideynlər şikayətçi olmasa belə, bu, konkret olaraq fiziki zorakılıqdır. Mövcud problemi aradan qaldırmaq üçün istər məktəblər, istərsə də bağçalarda çalışanları psixoloji yoxlamadan keçirməliyik. Bu, get-gedə təhlükəli hal almağa başlayıb”.
Aytac Aslan
















