Səhər işə gedərkən, axşam işdən çıxarkən saatlarla tıxacda qalmaq insanların demək olar ki, hər gün qarşılaşdığı problemlərdən biridir.
Tıxaclar yalnız işə gecikməyimiz, vaxtımızın alınmasına səbəb olmur. Eyni zamanda sağlamlığımıza da problem yaradır.
Maraqlıdır, tıxacların insanlanların psixologiyasına verdiyi zərərlər nələrdir?
Vəfa Əkbər: Tıxacda stress səviyyəsi yüksəldiyi üçün bəzi insanlar həyəcan, təşviş keçirir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki, yol tıxacları insanların emosional vəziyyətinə çox mənfi təsir göstərir.
Onun sözlərinə görə, həmin müddət insanlar özlərini çox çarəsiz hiss edir, yolu aça bilmədiyi üçün gərginlik artır, bu zaman əzələ gərilir və stress səviyyəsi yüksəlir. Stress səviyyəsi yüksəldiyi üçün də bəzi insanlar hətta həyacan, təşviş keçirir.
Mənfi düşüncələrin də bunun paralelində yarandığını deyən psixoloq, “Nə vaxt tıxacdan çıxacam?”, “Ümumiyyətlə niyə tıxac yaranır?” kimi düşüncələrlə insanların gərildiyini deyir. Bildirib ki, bu gərginlik insanın yaşam keyfiyyətini aşağı salır, şəxslərarası ünsiyyətə təsir edir, şəxs artıq yorğun, bitkin, tükənmiş olur:
“Bunun azalması üçün ümumiyyətlə avtomobillərdən istifadə edən, daimi tıxaclarda qalan insanlar gün ərzində o neqativ enerjini üstlərindən atmaq üçün başlarını qatacaq nələrsə tapmalıdırlar. Musiqi playlistlərini düzgün seçib daha pozitiv əhvala köklənməlidirlər. Bəzən öz doğmaları ilə telefon zəngi belə o müddəti daha qısa edə bilir”.
Mina Mikayılova