Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Mina Mikayılova
***
11:19
Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuzda məktəblilərin zəhərlənməsi ilə bağlı məlumat yayıb.
İdarədən Bakıvaxtı.az-a bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
***
11:04
Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Zəhərlənən şagirdlər 2011 və 2012-ci il təvəllüdlüdürlər.
***
10:29
Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.