• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Tramp Baydendən daha kəskin şəkildə sərtdir: Seçkiqabağı sürprizlər ola bilər

SİYASƏT

15 May 2024 | 10:59

Tramp Baydendən daha kəskin şəkildə sərtdir: Seçkiqabağı sürprizlər ola bilər

Bu il noyabrın 5-də ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin keçmiş lideri Donald Tramp prezident seçkilərində namizədliyini irəli sürüb. Nəticədə noyabr ayında hazırkı prezident, demokrat Co Bayden və ABŞ-nin 45-ci prezidenti respublikaçı Donald Tramp amerikalıların səsləri uğrunda mübarizə aparacaqlar.

Bəs görəsən, Tramp qalib gələrsə, Ukrayna münaqişəsi, Fələstin-İsrail nizamlanması, Yəmən husiləri və İrandan gələn təhlükə, Çinlə münasibətlər və Tayvan məsələlərində irəliləyiş baş verə bilərmi?

Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-də keçiriləcək prezident seçkiləri bütün dünyanın diqqətindədir.

Onun sözlərinə görə, seçkilərlə bağlı məşhur "Gallup" Araşdırma Mərkəzinin apardığı sorğusuna əsasən amerikalıların 29 faizi nə Baydenə, nə də Trampa inandığını bildirib. Yəni 30%-a yaxın ABŞ vətəndaşı hazırkı iki namizədə güvənmir. Digər respondentlərin 30 faizi Baydenə, 35 faizi isə Trampa səs verəcəklərini bildiriblər:

"Seçkilərə aylar qalmış sürpriz hadisə baş verə bilər. 81 yaşlı Bayden seçkilərə yaxın səhhəti və yaşı ilə əlaqədar namizədlikdən çəkilə və öz yerinə Kamala Haris, Mişel Obama və yaxud üçüncü bir namizədi irəli sürə bilər. Əgər bu, baş verərsə, böyük ehtimalla Demokratlar yenidən qalib gələcək. Bütün hallarda Tramp qalib gələrsə, dünyada baş verən münaqişələrin bitəcəyi gözlənilmir".

Politoloq hesab edir ki, Çin-Tayvan məsələsində və İsrail-Fələstin münaqişəsində Tramp Baydendən daha kəskin şəkildə sərtdir. O, Çini "ən böyük düşmən" adlandırır. Məhz Trampın dönəmində Qüds ABŞ tərəfindən İsrailin paytaxtı elan edilərək münaqişənin kəskinləşməsinə səbəb olub.

Kamran Məmmədli: Bütün hallarda Tramp qalib gələrsə, dünyada baş verən münaqişələrin bitəcəyi gözlənilmir

"Tramp hazırda Baydeni İsrailə tam dəstək verməməkdə qınayır. Görünən odur ki, onun dönəmində münaqişə daha da şiddətlənəcək. Tramp yalnız Ukrayna məsələsində müharibəni bitirməyə söz verir, amma onun ehtimal olunan prezidentlik dönəmində bunun baş verəcəyini düşünmürəm. Çünki Tramp illər öncə seçkiqabağı kampaniyalarda bir çox buna bənzər vədlər versə də, seçkilərdən sonra vədlərinə əməl etməməsi ilə məhşurdur", -deyə K.Məmmədli qeyd edib.

Müsahibimizin fikrincə, Tramp indiyə qədər ABŞ qoşunlarını tam olaraq evə gətirmək vədini versə də, seçildiyi zamandan sonra Əfqanıstan, İraq və Suriyaya ən azı 69 min bomba və raket atıb. Bu göstərici isə Buş və ya Obama dövrü ilə müqayisədə daha çoxdur. Bu baxımdan kimin seçilməyindən asılı olmayaraq, ABŞ siyasətində ciddi dəyişiklərin olacağı proqnozlaşdırılmır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

25 May 2024