Transsərhəd ticarət ölkələr arasında mal və xidmətlərin mübadiləsini ifadə edən kompleks bir sistemdir. Bu sistem beynəlxalq iqtisadiyyatın inkişafında vacib rol oynayır, lakin onun uğurlu olması üçün ticarət qanunvericiliyindəki fərqlər mühüm əhəmiyyət kəsb edir.
Bəs transsərhəd ticarət üzrə qanunvericilikdəki fərqlər hansılardır? Bu, vətəndaşlara necə təsir edir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, hər bir ölkənin ticarət qanunvericiliyi milli maraqlara, iqtisadi şərtlərə və tarixi kontekstə uyğun olaraq formalaşır:
"Bu, ticarət prosedurlarının, gömrük qaydalarının və idxal-ixrac tələblərinin müxtəlifliyini yaradır. Məsələn, bəzı ölkələrdə gömrük rüsumları, mal növünə və mənşəyinə görə fərqli ola bilər. Bu fərqlilik beynəlxalq ticarətdəki iştirakçıların işini çətinləşdirir və ticarət xərclərini artırır".
Müsahibimizin sözlərinə görə, ticarət müqavilələrinin icrası ilə bağlı qanunvericilikdəki fərqlər də ticarət əməliyyatlarına ciddi təsir göstərə bilər. Hüquqşünas qeyd edib ki, fərqli ölkələrdə müqavilələrin hüquqi qüvvəsi, icra mexanizmləri və mübahisələrin həlli yolları müxtəlifdir. Bu, tərəflərin hüquqi statusunu, mübahisələrin həlli üçün mümkün yanaşmaları və nəticələri müəyyən edir. Nəticədə, şirkətlər müqavilələrini bağlamazdan əvvəl müxtəlif hüquqi sistemləri nəzərə almalı və riskləri qiymətləndirməlidirlər:
"Transsərhəd ticarətə təsir edən qanunvericilikdəki fərqlər ticarət mühitinin etibarlılığını və proqnozlaşdırılmasını da təsir edir. İqtisadiyyatın qloballaşdığı müasir dövrdə müəssisələr beynəlxalq bazarlara daxil olarkən, ticarət qanunvericiliyinin qeyri-müəyyənliyi ilə qarşılaşa bilərlər. Bu qeyri-müəyyənlik sərmayələrin azalmasına, yeni bazarlara girişin çətinləşməsinə və iqtisadi əməkdaşlığın zəifləməsinə səbəb ola bilər".
Rüstəm Əzimzadə: Müxtəlif hüquqi sistemlərin harmonizasiyası ticarət mühitinin inkişafına töhfə verəcək
Son olaraq mütəxəssis vurğulayıb ki, transsərhəd ticarətdəki qanunvericilikdəki fərqlər ticarət əməliyyatlarının uğurlu olması üçün ciddi əhəmiyyət kəsb edir:
"Müxtəlif hüquqi sistemlər ticarət iştirakçıları üçün əlavə çətinliklər yaradır, lakin eyni zamanda, ticarət qanunvericiliyinin harmonizasiyası və beynəlxalq standartların qəbul edilməsi qlobal ticarət mühitinin inkişafına kömək edə bilər. Beləliklə, transsərhəd ticarət fəaliyyətlərini daha etibarlı və proqnozlaşdırıla bilən etmək üçün ölkələr arasında əməkdaşlığın artırılması vacibdir".
Əli Hüseynov