Travmalara daha çox yaz-yay aylarında rast gəlinir.
Bakıvaxtı.az xəbər verir ki, travmalara daha çox yaz-yay aylarında rast gəlinir. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travmatologiya və ortopediya şöbəsinin travmatoloq-ortopedi İlham Şıxbabayev canlı yayımda məlumat verib.
Həkimin sözlərinə görə, isti aylarda travma hallarının artması uşaqlarda fiziki aktivliyin çoxalması ilə bağlıdır:
“İsti vaxtlarda uşaqlarda fiziki aktivlik artır və təbii olaraq müəyyən travmalara daha çox rast gəlinir. Həmçinin məktəblilərin tətil dövründə travma səbəbilə müraciətlərin sayı artır”.
İlham Şıxbabayev əlavə edib ki, ilin soyuq fəsillərində – xüsusilə noyabr-fevral aylarında uşaqlar daha çox ev şəraitində vaxt keçirdiklərinə görə travma hallarının sayı nisbətən azalır:
“Bu dövrdə uşaqların daha çox məişət xəsarətləri ilə travmatoloqa müraciət etdiyini müşahidə edirik. Amma ümumilikdə müraciətlərin sayında nəzərəçarpacaq azalma olur. Qış aylarında uşaq travmalarının ümumi müraciətlərdəki payı 25–30 faiz civarındadır”.
Mina Mikayılova