• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Trendyol”un yolu bağlanır? - AÇIQLAMA

CƏMİYYƏT

24 Fevral 2023 | 15:14 | Müəllif: Qalib İbrahimoğlu

“Trendyol”un yolu bağlanır? - AÇIQLAMA

Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin “Trendyol” platformasına məxsusdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda elmi konfransda deyib.

O qeyd edib ki, “Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər:

“Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, “Trendyol”da fəaliyyət göstərən hər hansı bir “A” subyektinin Bakıda da pərakəndə satış mağazası var və “Trendyol”da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var.

Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər “Trendyol” və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 %-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi.

Bu təklifkər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir”.

“Azərbaycanda bu sahədə rəqabət şərtləri intensivləşdikcə rəqabət orqanları alqoritm əsaslı rəqabəti öyrənməlidir. Ümumiyyətlə rəqəmsal bazarların tənzimlənməsinin qarşısındakı ən böyük çətinlik odur ki, həm iqtisadiyyatı, həm rəqabəti, həm də alqoritmi bilən mütəxəssis azlığı var”, – deyə C.Süleymanlı bildirib.

“Trendyol”un Azərbaycanda qadağa edilməsi nə dərəcə həqiqətləri əks etdirir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əgər hökumət digər onlayn ticarətçilərin qayğısına qalırsa, inzibati imkanlarından istifadə edib onun qarşısını almalı deyil: “O, bazara yeni oyunçuların daxil olmasına şərait yaratmalı, digərləri üçün daha əlverişli gömrük rüsumu tədbiq etməlidir ki, bazarda haqlı rəqabət mühiti yaransın. Bu zaman dövlət iqtisadi yollarla bu vəziyyətə təsir edə bilər. Əgər bir biznes qurumu işini uğurla aparırsa, bu o biznes qurumunun problemi deyil. Ona inhisarçı şərait yaradan hökumətin günahıdır. İstehlakçıların bir biznes qurumuna böyük inamı varsa, hökumət düşünürsə, inhisarçılıq edir, onu məhdutlaşdırmalı deyil. Bazara yeni oyunçuların çıxmasına şərait yaratmalıdır”.

Ekspert qeyd edib ki, bu zaman bazarda haqlı rəqabət mühiti yaranacaq: “”Trendyol” avtomatik olaraq istehlakçılar tərəfindən az tələbata məruz qalacaq və özü bazardan çıxacaq. Bazara inzibati yollarla müdaxilə etmək qətiyyən olmaz. Bu, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. İtehlakçı hüquqlarını qoruyan dövlət orqanının səmərəsiz və istehlakçı hüquqlarına sayqısız yanaşan hərəkətləri çox saylıdır. Onlardan biri də elə budur”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur”.

Açıqlamada qeyd edilib ki, vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026