Türkiyənin ixrac məhsulları arasında xüsusi yer alan bal bu ilin 9 ayında 22 milyon 883 min dollar gəlir gətirib.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarında yer alıb.
Məlumata görə, arıçılıq üçün əlverişli iqlimə malik Türkiyənin bal ixracı yanvar-sentyabr dövründə 5 min 913 ton olaraq qeydə alınıb. Bu ixracdan 22 milyon 882 min 831 dollar gəlir əldə edilib.
Sözügedən dövrdə ABŞ, Almaniya və Kanada başda olmaqla, 49 ölkəyə bal satılıb. Belə ki, ABŞ-yə 9 milyon 327 min 460 dollar, Almaniyaya 5 milyon 289 min 192 dollar, Kanadaya 904 min 756 dollarlıq bal ixrac edilib.
Ötən ilin eyni dövründən fərqli olaraq Macarıstan, Banqladeş, İraq, Liberiya, Çexiya, Mərakeş, Nepal və Ekvatorial Qvineyaya da bal satılıb.
Gülşən Şərif
















