"Bir çox məsələlərdə ABŞ ilə birgə işləmək imkanımız olsa da, bəzi məsələlərdə ciddi fikir ayrılıqlarımız var".
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, Türkiyə-ABŞ münasibətləri son illərdə ABŞ-nin Suriyanın şimalında terror qruplaşması YPG/PYD/PKK-ya verdiyi dəstək və Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib:
"Təəssüf ki, strateji tərəfdaşlığımıza və bir çox sahədə sıx əməkdaşlığımıza baxmayaraq, ABŞ PYD-yə maddi-texniki, kəşfiyyat və siyasi dəstək verməyə davam edir. Demək istərdim ki, əlaqələrimizi zəhərləyən ən mühüm fərq budur".
Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində Türkiyəyə tətbiq edilən sanksiyalarla bağlı Kurtulmuş Türkiyənin F-35 proqramından kənarlaşdırılmasının ciddi ikili standart olduğunu bildirib.
"Vaşinqton uzun müddətdir ki, ölkələri Rusiyadan hərbi texnika almaqdan çəkindirməyə çalışır. ABŞ ölkələri CAATSA çərçivəsində cəza tədbirləri ilə hədələyir. CAATSA sanksiyaları Türkiyəyə qarşı siyasi alət kimi istifadə olunur", - deyə Kurtulmuş qeyd edib.
Gülşən Şərif
















