• Bakı 30° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Türkiyə-İsrail gərginliyi YENİDƏN ALOVLANIR? 

SİYASƏT

24 Avqust 2026 | 14:00

Türkiyə-İsrail gərginliyi YENİDƏN ALOVLANIR?

“Son günlər İsrailin Türkiyə ilə bağlı atdığı addımlar, xüsusilə Təl-Əvivin aqressiv davranışları Ankara ilə yanaşı, İsrailin özü üçün də ciddi risklər yaradır. Unutmaq olmaz ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik ölkədir. Ankara ilə hər hansı qarşıdurma İsrail üçün ağır nəticələrə səbəb ola bilər”.

Bu barədə Bakıvaxtı.az-a beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə, İsrailin Türkiyəyə qarşı sərt mövqeyi təsadüfi deyil:  

“Bunun arxasında həm regional proseslər, həm də ABŞ-Türkiyə münasibətlərində baş verən dəyişikliklər dayanır. Son dövrlərdə ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərdə müəyyən müsbət dinamikanın yaranması İsrailin diqqətindən yayınmır. İsrail Türkiyənin regionda artan rolunu və Ankara-Vaşinqton münasibətlərində mümkün yaxınlaşmanı özü üçün potensial təhlükə kimi qiymətləndirir.

Bu baxımdan, İsrailin Türkiyəni hər hansı qarşıdurmaya cəlb etmək və ya Ankara ilə Vaşinqton arasında fikir ayrılıqlarından istifadə etmək istəməsi mümkündür. Lakin burada başqa mühüm məqam da var. ABŞ-İsrail münasibətləri son aylarda əvvəlki kimi problemsiz deyil. Fevralın 28-dən başlayan İran müharibəsi fonunda Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqları daha qabarıq şəkildə üzə çıxıb. Xüsusilə atəşkəs və İranla müharibənin davam etdirilməsi məsələsində tərəflərin yanaşmaları fərqlənir.

İsrail İranla qarşıdurmanın dayandırılmasında maraqlı görünmür və ABŞ-ni də bu münaqişədə daha uzun müddət saxlamağa çalışır. Lakin hesab edirəm ki, Netanyahu üçün əvvəlki imkanlar artıq tədricən daralır”.

C.Abbaslı hesab edir ki, Donald Tramp artıq İsrail hökumətinin bütün addımlarını əvvəlki kimi dəstəkləyən mövqedə deyil:

“İsrailin Suriyada son günlər həyata keçirdiyi əməliyyatlar da müəyyən mənada ABŞ-nin regional yanaşmaları ilə ziddiyyət təşkil edir. Bu isə Netanyahu hökuməti üçün ciddi siyasi problem yarada bilər.   

Digər tərəfdən, İsraildə seçkilər yaxınlaşır. Donald Trampın oktyabrın 27-də keçiriləcək seçkilərin nəticələrini diqqətlə izlədiyi və müəyyən mənada Netanyahuya zaman qazandırdığı görünür. Seçkilərin nəticəsi həm İsrailin daxili siyasəti, həm də regiondakı proseslər baxımından mühüm əhəmiyyət daşıyacaq”. 

Siyasi şərhçi vurğulayıb ki, Benyamin Netanyahunun son dövrlərdə nümayiş etdirdiyi sərt mövqe müəyyən qədər daxili auditoriyaya hesablanmış siyasi strategiyadır:

“İsrail cəmiyyətində Ərdoğana və Türkiyəyə qarşı ciddi neqativ münasibət mövcuddur. Netanyahu Türkiyə əleyhinə sərt ritorikadan istifadə etməklə daxildə seçici dəstəyini artırmağa çalışır. Bunun nə dərəcədə nəticə verəcəyini isə seçkilər göstərəcək.

Bütün bunlara baxmayaraq, yaxın aylarda İsrail-Türkiyə arasında birbaşa hərbi qarşıdurmanın baş verəcəyini düşünmürəm. Çünki nə İsrail belə bir qarşıdurmanın risklərini gözardı edə bilər, nə də Türkiyə ABŞ amilini nəzərə alaraq İsraillə genişmiqyaslı müharibəyə getməkdə maraqlı olar.

Bu səbəbdən qarşıdakı dövrdə əsas məsələ İsrail-Türkiyə münasibətlərində gərginliyin hansı həddə qədər yüksələcəyidir. Əgər Təl-Əviv Ankara ilə bağlı riskli addımları davam etdirsə, bu, ilk növbədə İsrailin regional mövqelərinə zərbə vura bilər. Türkiyənin NATO-dakı mövqeyi, regional təsir imkanları və diplomatik çəkisi nəzərə alınarsa, Ankara ilə açıq qarşıdurma İsrail üçün olduqca təhlükəli seçim olardı”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Avqust 2026