Havaların soyuması ilə qaz sobalarından istifadə halları da artır. Həm sobalardan düzgün istifadə olunmaması, həm də bacaların vaxtlı-vaxtında təmizlənməməsi dəm qazından zəhərlənmələrə səbəb olur.
Bəs bacalar hansı qaydada təmizlənməlidir? Mövzu ilə bağlı Bakıvaxtı.az-a dasnışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, hər il ildə iki dəfədən az olmayaraq tüstü bacaları təmizlənməlidir: “Bunu, əsasən, payız-yaz aylarında bununla məşğul olan şirkətlər həyata keçirir. Digər tərəfdən, insanlar özləri də tüstü bacalarını təmizləyə bilərlər. Təbii ki, bəzi insanlar özləri bunu etməyə maraq göstərmirlər. Ancaq bu işləri görən şirkətlərlə müqavilə bağladıqda ildə iki dəfədən az olmayaraq bu tüstü bacaları təmizlənir”.
Mütəxəssis deyib ki. bu, çox ciddi məsələdir, çünki on illərlə təmizlənməyən tüstü bacaları var: “Əlbəttə, belə tüstü bacalarının təmizlənməməsi daha böyük bədbəxt hadisələrə gətirib çıxara bilir. Elə olur ki, tüstü bacalarının içərisində məişət tullantıların olur, quşlar yuva salır. Bu zaman tüstü bacası istifadəyə yararsız hala gələ bilər. Belə olan halda, yanma prosesi çətinləşir və natamam yanma nəticəsində dəm qazı əmələ gəlir”.
E.Nurəliyev qeyd edib ki, bunun sonu bədbəxt hadisə ilə nəticələnir: “İnsanlar özləri dəmirdən, setkalardan kirpiyəoxşar qurğu düzəldib bacanın içinə salmaqla içəridə olan zir-zibilləri təmizləyə bilərlər. Əgər tüstü bacası yararsız hala düşüb, qırıq, dəlik, çat varsa, bu da bacanın öz funksiyasını yerinə yetirə bilməyəcəyi deməkdir. Bu halda olan tüstü bacası da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bu da dəm qazının əmələ gəlməsinə gətirib çıxarır”.
Aytac Aslan