Ukrayna ordusunun Xerson və Xarkov vilayətlərində başlatdığı əks-hücum zamanı təqribən 3 min kvadratkilometr ərazi Rusiya qüvvələrindən geri alınıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 40-dan çox yaşayış məntəqəsi yenidən Ukraynaya qayıdıb.
Bundan əlavə, Ukraynanın şərqindəki Xarkov vilayətində toqquşmalar şiddətlənib. Ukrayna mənbələri sentyabrın 7-dən etibarən Xarkov vilayətində yaşayış məntəqələrinin alınmağa başladığını açıqlayıb.
***09:32
Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib, onlar tam nəzarətə götürülüb və sabitləşdirmə tədbirləri həyata keçirilir.
Bakıvaxtı.az bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, Rusiya hərbçiləri öz səylərini Donetsk vilayətinə nəzarətin yaradılmasına, müvəqqəti ələ keçirilmiş ərazilərin saxlanmasına və müəyyən mövqelərdə Ukrayna qoşunlarının hücumunu dayandırmağa cəmləşdirir.
"Düşmən mövqelərimizi atəşə tutmaqda davam edir, havadan kəşfiyyat aparır və itirilmiş mövqelərin bərpası üçün tədbirlər görməyə çalışır", - Ukrayna ordusundan bildirilib.
















