Xəbər verdiyimiz kimi, Rusiya Aerokosmik Qüvvələrinin komandanı general Sergey Surovikin Ukraynadakı bütün Rusiya qüvvələrinin komandanı təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu təyinat Ukraynanın cənub və şərqindəki 4 rayonun ilhaqını elan edən Kremlin yerlərdə sərt hərbi üsullara əl atacağına işarə kimi şərh edilib. Çünki Surovikin xüsusilə Suriyadakı rekordu ilə beynəlxalq insan haqları təşkilatlarının diqqətini üzərinə çəkmiş bir addır.
1966-cı ildə Rusiyanın Novosibirsk şəhərində anadan olan Surovikin 1987-ci ildə hərbi akademiyanı bitirdikdən sonra Əfqanıstandakı xüsusi Sovet Spetsnaz bölməsinə komandirlik edib. 1991-ci ildə Sovet İttifaqında Qorbaçova qarşı uğursuz çevriliş cəhdində mülki əhalinin güllələnməsinə göstəriş verən 3 nümayişçinin ölümündə iştirak etdiyinə görə 7 ay həbs cəzasına məhkum edilib. Lakin araşdırmalardan sonra onun “yalnız sifarişi yerinə yetirdiyi” əsası ilə təqsirli bilinməyib.
Hərbi karyerasını davam etdirən Surovikinin adı 1995-ci ildə silah qaçaqmalçılığı işində əli olmasına baxmayaraq, bəraət alıb. Onun karyerasında ən mübahisəli hadisələrdən biri 2004-cü ildə baş verib. Bu hadisə Surovikinin şiddətli danlaması nəticəsində onun tabeliyində xidmət edən polkovnikin intihar etməsidir. Britaniyanın “Guardian” qəzeti yazıb ki, həmkarları ona “General Armageddon” ləqəbini müharibəyə sərt və qeyri-adi yanaşmasına görə veriblər. Qəzetə danışan mənbələr bildiriblər ki, Surovikinin Ukraynadakı əsas məsələsi şiddətli əks-hücumla üz-üzə qalan Rusiya ordusunu gərginləşdirən struktur problemlərini həll etmək olacaq.
General Sergey Surovikinlə 2020-ci ilə qədər işləmiş Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş leytenantı Qleb İrisov bildirib ki, yeni komandir ordunun müxtəlif qollarına nəzarət etməyi və nizama salmağı bilən orduda nadir insanlardan biridir: “O, çox amansız, lakin eyni zamanda bacarıqlı bir komandirdir. Ancaq bütün problemləri həll edə bilməyəcək, çünki Rusiyanın silah və canlı qüvvəsi kifayət qədər deyil”.
Surovikinin Suriyadakı rekordu da Ukraynada bundan sonra nələrin baş verəcəyinə dair ipucu verir. Yaxın Şərqdəki hadisələrlə bağlı məlumat verən “Middle East Eye” saytının xəbərinə görə, Sergey Surovikin 2017-2020-ci illərdə Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edib. O zaman Human Rights Watch Surovikin kimi rus komandirləri 2019-2020-ci il İdlib hücumu zamanı insan hüquqlarının pozulmasına görə ən çox “məsuliyyəti” daşıyanlar kimi təsvir edib. 2017-ci ildə Hələbi yerlə-yeksan edən əməliyyata görə “Hələb qəssabı” kimi də tanınırdı. Bu generalın Ukraynadakı bütün Rusiya qüvvələrinə başçılıq etməsi xüsusilə Rusiyadakı sərt xətt tərəfdarlarını sevindirdi.
Surovikinin təyinatını Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov və Kremlə bağlı Rusiyanın özəl mühafizə şirkətinin “Vaqner”in rəhbəri Yevgeni Priqojin məmnuniyyətlə qarşılayıb.
Onu da qeyd edək ki, ötən səhər Ukraynanın 13 şəhərinin bombalandığı zaman Telegram kanalında bu hücuma toxunan Kadırov "İndi əməliyyatdan 100/100 razıyam" deyib.
Aytac Aslan

















