Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev ABŞ administrasiyasının rəsmiləri ilə görüşdən sonra bildirib ki, Ukraynadakı münaqişə bir il ərzində bitə bilər. O bildirib ki, Rusiya Ukrayna məsələsinin daha böyük münaqişəyə çevrilməsini istəmir.
Maraqlıdır ki, Ukrayna öz ərazilərindən güzəştə getmək niyyətində deyil. Rusiya isə öz hədəflərindən imtina etməyi düşünmür. Bu halda Ukrayna münaqişəsinin bir ilə bitməsi mümkün ola bilərmi?
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, rəsmilər Ukrayna münaqişəsi ilə bağlı ümidverici fikirlər səsləndirməyə məcburdurlar. Müsahibimiz bildirib ki, Ukrayna münaqişəsinin bitməsi ilə bağlı müxtəlif rəsmilər tez-tez açıqlamalar verirlər:
“Kimsə bu müharibənin bitəcəyinə və sülh danışıqların tezliklə başlayacağına ümid edir. Yəni, ümidlər çoxdur. Rusiya prezidentinin xüsusi nümayəndəsi, iqtisadi məsələlər üzrə nümayəndə münaqişənin uzanacağını və heç bir ümidin olmadığını bildirərsə, bu, Rusiyanın müharibənin davam etməsində maraqlı olduğunu göstərərdi. Ukrayna münaqişəsinin bitəcəyi ilə bağlı bu cür rəsmi açıqlamalar böyük əhəmiyyətə malik deyil".

İlqar Vəlizadə: Ukrayna münaqişəsinin bitməsi ilə bağlı müxtəlif rəsmilər tez-tez açıqlamalar verirlər
Politoloq qeyd edib ki, konkret məsələlərlə bağlı verilən açıqlamalara yaxın müddət üçün proqnoz vermək mümkün olardı. Ümumi fonda verilən açıqlamalar o qədər də ciddi deyil.
"Mövcud vəziyyətdə bütün əlamətlər Ukrayna münaqişəsinin sonunun yaxınlaşmadığını göstərir. Müharibə davam edir və hər iki tərəf müharibənin davam etməsinə hazırlaşır. Zelenskinin açıqlamasına görə, Ukrayna hələ 2-3 il ərzində müharibənin davam etməsinə hazırdır. Bu, onu göstərir ki, tərəflər ortaq məxrəcə gəlməyənə qədər hərb ssenarisi real olacaq", - deyə İlqar Vəlizadə əlavə edib.
Gülşən Şərif
Bakı 


