• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukraynada alovlar yüksəlir - Hərbi ekspertdən açıqlama

CƏMİYYƏT

24 Fevral 2022 | 16:53

Ukraynada alovlar yüksəlir - Hərbi ekspertdən açıqlama

“Ukrayna Gürcüstanın səhvini təkrarladı. Amma Ukrayna Gürcüstanın səhvini təkrarlamamalı idi. Qərb Gürcüstana da heç bir kömək etmədi. Ukraynada da Gürcüstanda olduğu kimi uzun müddət heç bir problem həll olunmayacaq və ərazisi parçalanmış halda qalacaq”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert təəssüflə bildirib ki, artıq Rusiya-Ukrayna müharibəsi başladı: “Xeyli müddətdir müzakirəsi gedirdi, amma dünya birliyi bu müharibənin qarşısını almadı. SSRİ dağıldıqdan və soyuq müharibə dövründən sonra ilk dəfə idi ki, Qərb ABŞ-ın rəhbərlik etdiyi koalisiyada Rusiya ilə bu dərəcədə kəskin bir münasibət yarandı. Bu, olduqca mənfi haldır. Tərəflər bir-birinə qarşı heç bir güzəşt getmədi. Rusiyanın konkret üç istəyi var idi ki, NATO Şərqə doğru genişlənməyəcək, 1997-ci il sərhədlərinə çəkiləcək və ağır silahları, orduları o ərazidən çıxarılacaq. Ancaq Qərb bu şərtlərin heç birini yerinə yetirmədi. ABŞ açıq bəyan etdi ki, NATO Şərqə doğru genişlənməkdə davam edəcək və Rusiyanın təkliflərini yerinə yetirməyəcək. Rusiya da bildirirdi ki, əgər Ukraynada ABŞ ordusu yerləşsə, Rusiyanın paytaxtını və böyük şəhərlərini vurmaq bir neçə dəqiqə zaman alacaq. Bu, Rusiya üçün qəbuledilməzdir, gələcəyi sual altına düşür”.

E.Həsənli qeyd edib ki, Ukrayna müharibə istəmirdi: “Ukrayna prezidenti çağırışlar edirdi ki, biz müharibə istəmirik, müharibənin dayanması üçün bizə kömək edin. Görünürdü ki, Rusiya da müharibə istəmir. Təlimlər keçirir, məsələni elə həddə gətirirdi ki, Qərb geri çəkilsin. Ancaq Qərb geri çəkilmədi. Putinin iki yolu qaldı: ya müharibə etməməli və qorxaq kimi görünməli idi, ya da müharibə etməli idi. O, iki pis seçimin ən pisini seçdi və müharibə etdi. Rusiya ilə Ukrayna slavyan xalqıdır. İki dövlət də eyni kökdür. Zamanında Rusiyanı Ukrayna idarə edib, Böyük Vətən müharibəsində Ukrayna işğala məruz qalıb, SSRİ-nin qurulmağında böyük xidmətləri olub. Ukraynanın da zamanında güclənməsində Rusiyanın böyük xidmətləri olub. Daim bir səngərdə olan insanlar indi qarşı-qarşıya döyüşürlər. Belarus bu savaşda Ukrayna tərəfdədir, bu müharibə üç slavyan xalqı arasında çox böyük düşmənçilik deməkdir. Rusiya iki muxtar respublikanı tanıdı. Təəssüf ki, Ukrayna Gürcüstanın səhvini təkrarladı. Ukrayna Gürcüstanın səhvini təkrarlamamalı idi. Qərb Gürcüstana da heç bir kömək etmədi. Ukraynada da Gürcüstanda olduğu kimi uzun müddət heç bir problem həll olunmayacaq və ərazisi parçalanmış halda qalacaq. Bu, Rusiya iqtisadiyyatına da mənfi təsir edəcək. Burda ən böyük uduşu əldə edən Qərbdir. Qərb müharibə sərhədlərini Avropadan Ukrayna və Rusiya ərazisinə gətirdi”.

Onun sözlərinə görə, SSRİ dağılandan bu günə qədər NATO-da nəyə ehtiyac olduğu ilə bağlı müzakirələr gedirdi: “Hətta zamanında Rusiya NATO-ya üzv olmaq üçün müraciət edirdi. Amma indi Amerika istəyinə nail oldu. Bir müddət islam terrorizmi adı altında Talibanı Qərb üçün böyük qorxu göstərirdi, ancaq qısa müddət sonra sabun köpüyü effekti verdi. Ondan sonra da baş vermiş hadisələrdən sonra Qərb iki-üç cəbhəyə bölünmüşdü: İngiltərə-Amerika birliyi, Fransa-Almaniya birliyi, İtalya və digər dövlətlər də məsafə saxlayırdı. Ancaq indi Amerika Qərb dövlətlərini məcbur edərək əvvəlki koalisiyada birləşdirdi. Amerika bunu edərək vahid bir məkan yaradıb hegemonluğunu uzatmaq istəyir”.

Emin Həsənli vurğulayıb ki, Ukraynaya lazımi dəstək verilmədi: “Ukraynaya tank və texnika əleyhinə olan silahlar verildi. Bu müddət ərzində hava hücumundan müdafiə sistemini, Ukranyadan xətləri qurmadılar. Ukraynanın 40 milyonluq əhalisi var, bu müddət ərzində güclü ordu yaratmaq, sərhədləri möhkəmləndirmək, hava hücumundan müdafiə sistemləri qurmaq olardı. Sanki Qərb istəyir ki, Ukrayna daha çox itki versin, nifrət böyüsün və bu müharibə nəticəsində Ukrayna bölünsün, Ukraynanın qərbi Amerikanın, şərqi isə Rusiyanın olsun və Avropada, dünyada Amerikanın mövqeləri daha da böyüsün, Rusiya isə işğalçı dövlət kimi görünsün”.

Ekspert hesab edir ki, indiki zamanda uzunmüddətli müharibə aparmaq mümkün deyil: "Dünya birliyi də bunu qəbul etmir. Uzun müddət çəkə bilməz, qısa bir müddətdə tamamlanacaq. Amma görünən budur ki, Ukrayna ordusu geri çəkilir və Rusiya irəliləyir. Bu prosesin nə qədər çəkəcəyini zaman göstərəcək. İndiki zamanda müharibələri yüzdəyüz praqnozlaşdırmaq mümkün deyil, amma görünən budur ki, Rusiya irəlilədikcə Ukrayna geri çəkiləcək. Müharibənin hərbi variantı dayansa da, bu münaqişə hələ uzun müddət davam edəcək. Ukrayna üçün çox böyük bir problem yarandı”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026