Ukraynanın müxtəlif şəhərlərinin bombalanması və hava əlaqəsinin kəsilməsi nəticəsində burada yaşayan əcnəbilər bu ölkəni hava yolu ilə tərk edə bilməyiblər.
Bakıvaxtı.az-ın məlumatına görə, Ukraynanın Kiyev, Xarkov, Dnepr və digər şəhərlərində yaşayan azərbaycanlılar haqqında məlumatlar toplanır, ilkin məlumatlara görə, soydaşlarımız arasında heç bir ölüm və ya xəsarət xəbəri yoxdur. Dnepr şəhərində yaşayan azərbaycanlı Eldar Tağıyev gün ərzində yaşanan hadisələrlə bağlı "Xəzər Xəbər"ə məlumat verib.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi, hazırda Kiyevdə yaşayan Ceyhun Məmmədov da Ukraynanın paytaxtında gərginliyin olduğunu, insanların kütləvi şəkildə şəhəri tərk etməyə başladıqlarını deyib. Bütün Kiyev sakinləri kimi buradakı azərbaycanlılarla bağlı da narahatlıqlar var və onlarla mütəmadi əlaqə saxlanır.
Qeyd edək ki, Ukraynanın bir çox şəhərlərinin hava limanlarına aviazərbələr endirilib və bütün Ukrayna ərazisində mülki təyyarələrin uçuşu dayandırılıb. Bu səbəbdən də ölkəni tərk etmək istəyən əcnəbilər və yerli vətəndaşlar ölkənin qərb istiqmətinə hərəkət edərək, ölkəni quru yolu ilə tərk etməyə çalışırlar.
















