“Nitqin yaşa uyğun inkişaf etmədiyinin əlamətlərini görsəniz, möcüzə gözləməyin dərhal mütəxəssislərlə müraciət edin”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova deyib.
Onun sözlərinə görə, bir çox valideynlər bəzən kənar təzyiqlərə məruz qalırlar:
“Mənim nəvəm, qardaşım oğlum və s. 5 yaşında tam cümlələrlə danışmağa başladı", deyən qohumlara, qonşulara və dostlara qulaq asmayın. Mütəxəssislərin vaxtında müdaxiləsi olmasa, nitq qüsurları aradan qaldırılmasa və ya geciksə, problemlər məktəb illərində, ən ağır hallarda isə həyat boyu davam edə bilər”.
A.Ələkbərova bildirib ki, nitq təfəkkürün və sosial bacarıqların inkişafı üçün önəmli rol oynayır:
“Uşaq nə qədər böyüklər və həmyaşıdları ilə tam ünsiyyət qurmasa, onun nitq əlliyinin inkişafdan qalması qabarıq müşahidə olunacaq. Zaman keçdikcə nitqdə rast gəlinən problemləri təkcə şifahi nitqdə yox, həmçinin yazılı nitqdə, yəni öyrənmə, oxuma, yazma və yeni informasiyaların analiz və differensasiyası kimi bacarıqlarda çətinliklərə səbəb olması müşahidə olunacaq. Valideynlər ən çox erkən dövrdə körpənin inkişafına diqqət yetirməlidirlər. 0-1 yaş dövründə körpə az səslər çıxararsa, səs-küyünü hiss etməzsə, qığıldama təqlidi olmazsa, monoton və nadir səslər çıxararsa, 1-3 yaş arası ətrafdakı səslərə və ya nitqə reaksiya verməzsə, müraciət olunan nitqi anlamazsa, söz ehtiyatını artırmazsa, mövcud söz ethiyatını məqsədli şəkildə istifadə etmirsə, sadədən mürəkkəbə doğru cümlələr qurmazsa, hər yaşa uyğun səsləri düzgün tələffüz etməzsə, mütəxəssislərə müraciət məsləhət görülür. Erkən müdaxilə korreksiya işin effektivliyini dəstəkləyir”.
Zeynəb Rzayeva
Bakı 



