Son zamanlar uşaqlar arasında infeksiya daha geniş yayılıb. Valideynlər müalicəsinin bəzən uzun sürən bu xəstəliyin nə olduğunu ayırd belə edə bilmirlər.
Həkim-pediatr Günay Rəsulova Bakıvaxtı.az-a bildirib ki, son zamanlar uşaqlar arasında yayılan infeksiya hər il qış aylarında pik həddə çatan qrip virusunun ştamlarıdır: “Hər gün onlarla uşaqda test etməklə bunu təstiqləyirik. Bu dəqiqə influenza A, influenza B ştamları uşaqlar arasında çox yayılıb. Xüsusilə, kollektivdə olan, məktəbə, bağçaya gedən uşaqlarda bu infeksiyalar həddən artıq geniş vüsət alıb”.
Həkim vurğulayıb ki, infeksiyanın mövsümlə bağlı ölkədə çox yayılması ilə əlaqədar dövlət poliklinikalarında virus əleyhinə peyvəndləmə var: “Valideynlərə tövsiyələrimiz odur ki, 6 aydan yuxarı olan uşaqlara bu peyvəndi vurdursunlar. Çünki uşaqlar, doğrudan da, bu xəstəliyi çox ağır keçirir”.
Dediyinə görə, infeksiya uşaqlarda bir həftəyə, hətta 20 günə qədər davam edə biləcək qızdırma, öskürək, yorğunluq, boğaz ağrısı, burun axması əlamətləri ilə üzə çıxır. G.Rəsulova bildirib ki, amma bu peyvənd vasitəsilə uşaq infeksiyanı yüngül keçirir: “Yəni, bu, qeyri-adi infeksiya deyil, sadəcə, əvvəlki illərdə karantinlə əlaqədar yayılmalar çox deyildi. İndi isə uşaqların kollektivə sərbəst çıxması ilə bağlı yoluxmalar çoxalıb. Bu da normal olaraq, hər il gördüyümüz vəziyyətdir”.
Onun sözlərinə görə, infeksiya dekabrın əvvəllərində artır, yanvar və fevral aylarında pik həddə çatır, mart-aprel aylarına doğru isə azalır.
Aytac Aslan
















