Venesuela Prezidenti Nikolas Maduro bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edərək əhalini ABŞ-nin “imperialist təcavüzünü məğlub etmək” üçün səfərbərliyə çağırıb.
Bakıvaxtı.az «LeFigaro.fr»ə istinadən bildirir ki, rəsmi bəyanat Karakasda baş verən ilk partlayışlardan təxminən iki saat sonra dərc olunub.
Venesuela ABŞ-i “müstəmləkə müharibəsi” aparmaqda ittiham edir
Venesuela hökumətinin açıqlamasında deyilir:
“Bu hücumun məqsədi Venesuelanın strateji sərvətlərini, xüsusən də neft və mineral ehtiyatlarını ələ keçirməkdən başqa bir şey deyil. Ölkənin siyasi müstəqilliyini güc yolu ilə pozmağa cəhd edilir, lakin bu, uğur qazanmayacaq. İki yüz ildən artıqdır müstəqilliyini əldə etmiş xalq və onun legitim hökuməti suverenliyi və öz müqəddəratını müəyyən etmək hüququnu qətiyyətlə müdafiə edəcək. Respublika idarəetmə modelini məhv etmək və faşist oliqarxiyası ilə ittifaqda “rejim dəyişikliyi” yaratmaq üçün müstəmləkə müharibəsi tətbiq edilməsinə yönəlmiş bu cəhd, əvvəlkilər kimi, uğursuzluğa düçar olacaq".
Venesuela ABŞ-nin hərbi təcavüzünü pisləyir
Bəyanatda Amerikanın hazırkı administrasiyası tərəfindən Venesuela ərazisinə və xalqına qarşı həyata keçirilən hərbi təcavüz kəskin şəkildə pislənir. Bildirilir ki, paytaxt Karakasla yanaşı Miranda, Aragua və La Guaira ştatlarında həm mülki, həm də hərbi obyektlər zərər görüb.
Sənəddə vurğulanır ki, bu addımlar BMT Nizamnaməsinin əsas prinsipləri – suverenliyə hörmət, dövlətlərin hüquqi bərabərliyi və güc tətbiqinin qadağan olunması kimi müddəaların açıq şəkildə pozulmasıdır. Qeyd edilir ki, bu cür təcavüz Latın Amerikası və Karib hövzəsində beynəlxalq sülh və sabitliyi ciddi şəkildə təhdid etməklə milyonlarla insanın həyatını təhlükəyə atır.
Aydın Baxış
Bakı 




