Siyasi etimad dövlət-vətəndaş münasibətlərinin səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biridir. Bu amil yalnız vətəndaşların siyasi institutlara və liderlərə münasibətini əks etdirmir, eyni zamanda onların davranışına, qərarlarına və demokratik idarəetmənin səmərəliliyinə birbaşa təsir göstərir. Məhz bu baxımdan prezident İlham Əliyevin şəxsiyyəti, peşəkar fəaliyyəti və həyata keçirdiyi siyasətin təkcə regional deyil, beynəlxalq miqyasda yaratdığı nəticələr Azərbaycanda siyasi etimadın yüksək səviyyəsini izah edən əsas faktorlardandır.
Bu fikirləri Bakıvaxtı.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova ölkədəki ictimai-siyasi sabitlik, dövlət-vətəndaş münasibətləri və Prezident İlham Əliyevin fəaliyyətinə dair keçirilən son rəy sorğusunun nəticələrindən danışarkən deyib.
Politoloqun sözlərinə görə, müxtəlif ölçmə metodlarının nəticələri göstərir ki, cənab Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bunun əsas səbəbi dövlət başçısının mürəkkəb geosiyasi prosesləri düzgün idarə etməsi, ən çətin situasiyalarda rasional qərarlar qəbul etməsi, kompromis imkanlarını düzgün müəyyənləşdirməsi və qarşılıqlı faydalı həll yolları tapmağı bacarmasıdır. Azərbaycan kimi mürəkkəb geosiyasi mühitdə yerləşən bir dövləti beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından birinə çevirmək və ölkənin nüfuzunu davamlı şəkildə artırmaq böyük siyasi peşəkarlıq tələb edir. Bu uğurun əldə olunması İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir:
"Məhz buna görə də Azərbaycan vətəndaşları dövlət başçısının fəaliyyətində etimad, inam və məsuliyyət hissinin real təzahürünü görürlər. Gündəlik idarəetmə prosesində bütün istiqamətləri diqqətdə saxlaması, məsələləri ən incə detallarına qədər təhlil etməsi və cəmiyyətin etimadını doğrultmaq istiqamətində ardıcıl fəaliyyət göstərməsi bu münasibətin formalaşmasına mühüm təsir göstərir. Xüsusilə də dünyanın müxtəlif ölkələrində siyasi liderlərə ictimai etimadın zəiflədiyi bir dövrdə Azərbaycanda fərqli mənzərənin müşahidə olunması diqqət çəkən məqamlardandır".

Şəbnəm Həsənova: Prezidentin siyasətinin əsas xüsusiyyəti onun ölkənin inkişafını təmin etməyə hesablanmasıdır
Müsahibimiz qeyd edir ki, yüksək siyasi etimad cəmiyyətin davranış modelinin formalaşmasına da mühüm təsir göstərir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və milli maraqlarının təmin olunması istiqamətində nümayiş etdirilən qətiyyət hər bir vətəndaş üçün örnək hesab edilə bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyəti onun aydın məqsədlərə söykənməsi və ölkənin inkişafını təmin etməyə hesablanmasıdır. Bu siyasi kurs xalqın gələcəyə inamını gücləndirir, daha qətiyyətli və məqsədyönlü inkişafın əsasını formalaşdırır:
"Sorğunun nəticələrinə əsasən respondentlərin 93,16 faizinin Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirməsi cəmiyyətin bu siyasi kursa verdiyi dəstəyin göstəricisidir. Bu nəticə eyni zamanda Azərbaycan xalqının istər mürəkkəb dövrlərdə, istər həlledici mərhələlərdə, istərsə də sabit inkişaf şəraitində düzgün seçim etməyi bacardığını nümayiş etdirir. Daxili sabitliyin qorunması, milli maraqlar ətrafında həmrəyliyin təmin olunması və ölkənin sabitlik modeli kimi fərqlənməsi həyata keçirilən siyasi xəttin nəticəsidir".
Ş.Həsənovanın fikrincə, qiqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, sorğuda qeydə alınan yüksək etimad göstəricisi bütün sosial-demoqrafik qruplar üzrə müşahidə edilir. Üstəlik, əvvəlki dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikasının qeydə alınması cəmiyyətin mövcud siyasi kursa dəstəyinin daha da möhkəmləndiyini göstərir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan xalqı yalnız bugünkü reallıqları deyil, ölkənin gələcək inkişaf perspektivlərini də düzgün qiymətləndirərək öz seçimində qətiyyət nümayiş etdirib. Bu sorğunun nəticələri xalqımızın növbəti inkişaf mərhələsinin istiqamətini müəyyənləşdirdiyini bir daha təsdiqləyir.
Zeynəb Rzayeva
Bakı 



