• Bakı 26° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Güvənin qaynaqları: liderlik, dövlətçilik və milli iradənin vəhdəti - Əkbər Qoşalı yazır
YAZARLAR
03 Iyul 2026 | 11:19

Güvənin qaynaqları: liderlik, dövlətçilik və milli iradənin vəhdəti - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Bu sətirlərin yazarı birinci ali təhsilini Azərbaycan Texniki Universitetində (AzTU), ikinci ali təhsilini isə Dövlət İdarəçilik Akademiyasında (DİA) alıb. Əgər 1990–1995-ci illəri əhatə edən ilk tələbəlik dövrü ixtisas və universitet fərqi qoymadan bütöv bir nəslin siyasi ovqatını formalaşdırır, gündəliyini siyasətlə yükləyirdisə, 1998–2001-ci illərdə DİA-da keçdiyim təhsil artıq politoloji, sosioloji və dövlət idarəçiliyi bilikləri üzərində qurulurdu.

Hər iki təhsil ocağından bu yazının mövzusu ilə bağlı mənimsədiyim iki məqamı xatırlatmaq istərdim: birincisi, Hüygens–Frenel dalğaları nəzəriyyəsi; ikincisi isə qərarın klassik tərifi – qərar alternativlər arasından ən optimal variantın seçilməsidir.

Birinci məqam Frenel dalğalarının və Frenel zonalarının mahiyyətini əks etdirir. Bəlli olduğu kimi, Hüygens prinsipində bir məhdudluq vardı: dalğa cəbhəsinin hər nöqtəsinin yeni sferik dalğa yaratdığı qəbul edilirdi. Bu yanaşma isə nəzəri olaraq dalğaların həm irəli, həm də geriyə yayılmasını tələb edirdi. Halbuki təbiətdə işıq geriyə doğru yayılmır.

Bax, bu paradoksu Frenel interferensiya prinsipi vasitəsilə aradan qaldırdı. O göstərdi ki, qonşu zonalardan gələn dalğalar arasında faza fərqi olduğundan onlar bir-birini qismən və ya tam kompensasiya edir. Bir dalğanın “təpə” nöqtəsi digərinin “dərə” nöqtəsinə düşür və nəticədə maksimum sönmə baş verir. Elə həmin sönmə nöqtələri isə yeni dalğa cəbhəsinin formalaşmasına başlanğıc verir. Başqa sözlə, bir dalğanın sönüşü yeni dalğanın başlanğıcına çevrilir. Əgər bu içəri mexanizm mövcud olmasaydı, işıq nizamsız şəkildə bütün yönlərə yayılardı.

İkinci məqam qərar qəbuletmə prosesidir. Elmi və inzibati yanaşmada qərar qarşıya qoyulan məqsədə çatmaq üçün mövcud alternativlərin hərtərəfli incələnməsi, qiymətləndirilməsi və mümkün nəticələrinin proqnozlaşdırılması əsasında ən məqsədəuyğun variantın seçilməsidir. Məhz buna görə də dövlət idarəçiliyində qərarın dəyəri onun hüquqi formasından çox, gerçək nəticə ilə ölçülür.

Bəs bu iki nəzəri məqamı niyə xatırlatdım?

Bu günlərdə Medianın İnkişafı Agentliyinin sifarişi ilə keçirilmiş sosioloji sorğunun nəticələri açıqlanıb. Bu nəticələr bir daha göstərir ki, hakimiyyətin hüquqi legitimliyi ilə ictimai legitimliyi hər zaman eyni anlam daşımır. Seçki dövlət başçısına hüquqi yetki verir, lakin uzunmüddətli ictimai güvən yalnız görülən işlər, qəbul edilən qərarlar və həmin qərarların xalqın taleyində yaratdığı gerçək nəticələr hesabına formalaşır.

Sorğuda Prezident İlham Əliyevə münasibətlə bağlı açıqlanan göstəricilər – yüksək güvən səviyyəsi, fəaliyyətinin böyük əksəriyyət tərəfindən müsbət qiymətləndirilməsi və respondentlərin önəmli hissəsinin onu alternativsiz siyasi lider hesab etməsi – cəmiyyətimizdə dövlətçilik amilinin xüsusi çəkisini əks etdirən mühüm ictimai göstəricilər kimi diqqəti cəlb edir.

Təbiətdən fərqli olaraq, cəmiyyət həyatında “işıq” təkcə irəliyə deyil, geriyə də yönəlir. O, həm keçmişi işıqlandırır, dədə-babalarımızın ruhunu şad edir, həm də gələcək nəsillərə yol göstərir. Dünənlə sabah arasında dayanan “bu gün” isə qərarlarla anlam qazanır. Alternativlər içərisindən ən doğru seçimin edilməsi dövlət idarəçiliyinin əsas meyarına çevrilir.
Bu baxımdan dövlət başçısının qərarları xüsusi önəm kəsb edir. Ən dolğun informasiyanın təhlili, risklərin düzgün qiymətləndirilməsi və zamanında qərar qəbul etmək bacarığı liderliyin başlıca göstəricilərindəndir. Sorğunun nəticələrini rəqəmlər prizmasından daha irəli – həmin rəqəmlərin arxasında duran səbəblər fonunda dəyərləndirmək daha doğru yanaşmadır.

Hər şeydən öncə, Prezident İlham Əliyevin uzun illər boyunca həyata keçirdiyi xarici siyasət kursu Azərbaycan dövlətinin milli maraqlarının qorunmasını əsas prinsip kimi müəyyənləşdirib. Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan müxtəlif güc mərkəzləri ilə balanslı münasibətlər qurmaqla yanaşı, dövlət müstəqilliyini, suveren qərarvermə hüququnu və milli maraqlarını ardıcıl şəkildə ön planda saxlayıb. Bu siyasət ölkənin beynəlxalq münasibətlər sistemində güvənli tərəfdaş kimi qəbul olunmasına, eyni zamanda heç bir xarici siyasi mərkəzdən asılı olmayan müstəqil mövqeyini qorumasına imkan verib.

İctimai güvənin ikinci önəmli dayağı xalqla hakimiyyət arasında formalaşan qarşılıqlı etimad mühitidir. Dövlət idarəçiliyində inzibati resurslarla yanaşı, mənəvi dayaq da böyük önəm daşıyır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun əsas gücü Azərbaycan xalqının dəstəyidir. Cəmiyyət də bunu, ilk növbədə, milli maraqları müdafiə edən siyasi iradədə, taleyüklü qərarlarda və ən mürəkkəb məqamlarda nümayiş etdirilən qətiyyətdə görür.

Liderlik yalnız yetki ilə ölçülmür, o, həm də böyük məsuliyyətin daşıyıcısıdır. Çağdaş dünyada güclü lider anlayışı həm də strateji düşüncə, hadisələri qabaqlamaq bacarığı, riskləri düzgün qiymətləndirmək və böhranları imkanlara çevirmək kimi keyfiyyətlərlə tamamlanır. Prezident İlham Əliyevin həm ölkə içində, həm də beynəlxalq platformlarda nümayiş etdirdiyi siyasi davranış modeli Azərbaycanın diplomatik mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

Əlbəttə, iqtisadi inkişaf da ictimai güvənin əsas qaynaqlarından biridir. Güclü dövlət siyasi açıqlamalardan daha çox, möhkəm iqtisadi təməllərlə qurulur, qorunur. Son illərdə daşımalar, energetik, logistik, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, sənaye və infrastruktur sahələrində həyata keçirilən layihələr ölkənin iqtisadi dayanıqlığını önəmli dərəcədə artırıb. Enerji təhlükəsizliyi, beynəlxalq daşıma dəhlizlərinin inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi Azərbaycanın regional iqtisadi mərkəzə çevrilməsini sürətləndirib.

Şübhəsiz, çağdaş Azərbaycan tarixinin dönüş nöqtəsi 2020-ci ilin 44 günlük müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərinin böyük hissəsi işğaldan qurtuldu. Sonrakı mərhələdə dövlət suverenliyinin bütün ölkə boyunca tam təmin olunması çağdaş dövlətçilik tariximizdə yeni mərhələ açdı və milli həmrəyliyi daha da möhkəmləndirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun artması da ictimai rəyə təsir edən mühüm amillərdəndir. Regional işbirliyi layihələri, enerji təhlükəsizliyi sahəsində oynadığı rol, beynəlxalq tədbirlərə uğurla ev yiyəliyi etməsi və qlobal platformlarda nümayiş etdirdiyi fəallıq ölkəmizin dünya siyasətində çəkisini artıran amillər sırasındadır.

Bununla yanaşı, çağdaş dünyanın ən ciddi çağırışlarından biri təhlükəsizlik məsələsidir. Savaşların, çəkişmələrin, terror təhlükələrinin, iqtisadi böhranların və geosiyasi qarşıdurmaların artdığı bir dönəmdə Azərbaycanda sabitliyin və ictimai təhlükəsizliyin qorunması vətəndaşların gündəlik yaşamına birbaşa təsir göstərən vacib amildir. İnsan üçün sabitlik yalnız siyasi anlayış olmaqda qalmayıb; o, ailəsinin təhlükəsizliyi, balalarının gələcəyi, iqtisadi rifahı və sabaha inamıdır.

Əlbəttə, heç bir dövlət və heç bir siyasi sistem eyni inkişaf səviyyəsində əbədi qala bilməz. Yeni dönəm yeni çağırışlar, daha çevik idarəetmə, daha güclü institutlar və daha məsuliyyətli qərarlar tələb edir. Dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, hüquq institutların möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalına yatırımların artırılması gələcək inkişafın başlıca istiqamətləridir.
Çünki yüksək ictimai güvən keçmiş uğurların nəticəsi olmaqla yanaşı, gələcək məsuliyyətlərin də ölçüsüdür.
Fizikadan fərqli olaraq, siyasətdə “işıq” hər iki istiqamətə yayılır; lakin bu yayılma dağınıqlıq yaratmır; əksinə, ictimai şüuru daha da aydınlaşdırır. Necə ki Frenel nəzəriyyəsində dalğaların qarşılıqlı kompensasiyası yeni hərəkət mərhələsini mümkün edir, dövlət idarəçiliyində də düzgün qərarlar cəmiyyətin güvənini möhkəmləndirir, güvən isə dövlətçiliyin sabahını formalaşdırır.

Cəmiyyətimizdə dövlətçilik düşüncəsinin əsas dayaqlarından biri milli birlikdir. Dövlətlə xalq arasında qarşılıqlı güvənin qorunması, milli maraqlar çevrəsində həmrəyliyin möhkəmləndirilməsi və ölkənin inkişafına xidmət edən islahatların davamlılığı gələcək inkişafımızın əsas şərtlərindəndir.

Xalqın birliyi, güclü dövlət institutları və milli maraqlara söykənən siyasət dövlətçiliyin ən möhkəm təminatıdır. – Tarix bunu dəfələrlə sübut edib.

İşığımız əskilməsin!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Iyul 2026