Pakistanda leysan yağışları və onların yaratdığı hadisələr nəticəsində azı 14 nəfər ölüb, onlarla insan yaralanıb.
Bakıvaxtı.az "Dunya News"a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin bir sıra bölgələrində genişmiqyaslı dağıntılara və insan tələfatına səbəb olub.
Belə ki, Xayber-Paxtunxva əyalətində yerləşən Sayful Muluk gölündə turistləri daşıyan qayıq aşıb. Hadisə nəticəsində altı nəfər həyatını itirib.
Pəncab əyalətində yaşayış evlərinin divar və damlarının uçması üç nəfərin ölümünə səbəb olub. Daha bir neçə nəfər isə ildırım vurması nəticəsində həlak olub.
Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi dağlıq ərazilərdə yerləşən buzlaq göllərində və çaylarda su səviyyəsinin kritik həddə yüksəlməsi səbəbindən daşqın təhlükəsi barədə xəbərdarlıq edib.
Hazırda Pakistanda musson mövsümü başlayıb. Adətən sentyabr ayınadək davam edən bu dövrdə yağan güclü yağışlar kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşısa da, tez-tez sel, daşqın və digər təbii fəlakətlərə yol açır.
Bakı 



