İngiltərədə 29 yaşlı iki uşaq anası Ketrin Qrinall “TikTok” aludəçiliyinə görə işdən 500 min dollardan çox pul oğurlayıb və onu sevimli bloqçuları üçün hədiyyələrə xərcləyib.
Bakıvaxtı.az “Metro” nəşrinə istinadən xəbər verir ki, qadın əvvəlcə avtomobil şirkətində müştəri xidməti meneceri işləyib, daha sonra mühasib vəzifəsinə yüksəlib. Bu müddət ərzində o, işəgötürənin etibarından və maliyyə sistemlərinə çıxış imkanından istifadə edərək 121 icazəsiz əməliyyat həyata keçirib.
O, maliyyə hesabatları ilə manipulyasiya edərək şəxsi bank hesabına pul köçürüb və bununla da külli miqdarda pul oğurlayıb.
Qrinall, sevimli “TikTok” bloqçuları üçün hədiyyələrə 400.000 dollar xərclədiyini söyləyib. Bundan əlavə, o, səyahətə, hotellərə, alış-verişə də pul xərcləyib.
Şirkət rəhbərliyi mənfəətin azaldığını görüb izahat istədikdə, Qrinall araşdırma aparacağına söz versə də, əvəzində 27 min dollar məbləğində son köçürmə edib və qohumunun uydurma xəstəliyini əsas gətirərək ofisi tərk edib. Daha sonra o, dələduzluğunu etiraf edib və həbs olunub.
Liverpul məhkəməsinin hakimi Neil Fluitt hadisəni faciə kimi xarakterizə edib və qadın 2 il müddətinə azadlıqdan məhrum olunub./ Qafqazinfo