• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Yeni vərdişləri necə həyata keçirmək olar?

CƏMİYYƏT

04 Iyul 2024 | 11:11

Yeni vərdişləri necə həyata keçirmək olar?

Vərdişlər insan həyatının ayrılmaz bir parçasıdır. Yaşadığımız müddət ərzində həm yaxşı, həm də pis minlərlə vərdiş qazanırıq.

Bakıvaxtı.az-ın məlumatına görə, vərdiş bir insanın mütəmadi olaraq təkrarladığı və sonra şüuraltı olaraq etdiyi davranışlardır. Səhər eyni saatda oyanmaqdan avtomobil idarə etməyə qədər hər gün bir çox işi avtomatik olaraq yerinə yetiririk. Hətta bəzi vərdişlərin yaranma prosesinin fərqinə belə varmırıq. İnsan beyni enerji ehtiyat etməyə fokuslandığına görə vərdişlərimiz də daim dəyişir və təkmilləşir. Beynimizin fəaliyyəti ilə əlaqədar olan vərdişlərimizi isə heç vaxt unuda bilmirik.

Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində Manqurt obrazını yadımıza salaq. Manqurt yaddaşını itirməyinə baxmayaraq hələ də ox atmağı bacarırdı. Həmçinin çoxsaylı araşdırmalar da xəstəliklər və bədbəxt hadisələr nəticəsində yaddaşını itirən insanların belə vərdişlərini xatırladıqlarını sübut edir.

Vərdişlərin dəyişdirilməsi mürəkkəb bir psixoloji prosesdir. Adətən vərdişlərin dəyişdirilməsi üçün ideal müddətin 21 gün olduğu deyilsə də, hər bir şəxs üçün bu müddət fərqlidir. Müddətin müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırmalar insanların vərdişlərini minimum 18 gün, maksimum isə 250 gün ərzində dəyişdiklərini göstərib. Lakin araşdırmada vərdişlərini heç dəyişə bilməyənlər də olub. Ortalama olaraq isə bu müddət 66 gün kimi qeyd olunur.

Vərdişlərin yaranma mexanizmini bildikdən sonra pis vərdişləri tərgitmək və yeni vərdişlər qazanmaq daha rahat olur. Vərdişin yaranmasının arxasında üç ünsür dayanır: Kontekst işarəsi, davranışın təkrarı və mükafat. Kontekst işarəsi vərdişi, onun baş verdiyi saatı və vəziyyəti qıcıqlandıran bir ünsürdür. Məsələn, işdə sıxılmaq. Həmin davranışın təkrarında sonra yaranan müsbət hisslər isə mükafatdır.

Əlbəttə ki, bu ünsürlər hər bir şəxsdə özünü fərqli göstərir. Lakin vərdişlərin dəyişdirilməsində onların rolu böyükdür. Məsələn, tütün məmulatlarından istifadə edən bir insan hər dəfə işarəni hiss edəndə sevdiyi başqa bir işi görsə, məsələn, rəsm çəksə, bu hal getdikcə vərdişə çevriləcək. Təbii ki, ilk vaxtlar həmin insan razı olmayacaq, lakin ortalama müddət tamamlanandan sonra keçmiş vərdişini yenisi ilə tam əvəzləyəcək. Bu da onu göstərir ki, hər bir sağlam vərdişə yiyələnmək iradə və səbir ilə mümkündür.

Şəhanə Tağıyeva


SON XƏBƏRLƏR

06 Iyul 2024