Mingəçevirdə “Qutudan Kənar” adlı layihənin icrasına start verilib. Layihə Elm və Təhsil Nazirliyinin maliyyə, “Öndə Gənclər” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Layihə 2024-2025-ci tədris ili üçün elan edilmiş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, layihə rəhbəri Namiq İbrahimli qeyd edib ki, layihə şagirdlərin kerativ yanaşmalarının gücləndirilməsini, təhsil mühitində onların yeni həll və təkliflər irəli sürməsinin formalaşmasını hədəfləyir. Kreativlik, təşəbbüskarlıq 21-ci əsrin ən çox axtarınalan iş bacarıqları sırasındadır. Həyata keçirilən layihə yeniyetmələrin həm təhsil mühitində inkişafına, həm də iş həyatında hazırlaşmasına dəstəj olacaq.
Sözügedən layihənin məqsədi şagirdləri sosial layihələrin hazırlanması prosesinə cəlb etməklə onların yaradıcı təxəyyülünü inkişaf etdirməkdir. Layihəyə Mingəçevir şəhər məktəblərində təhsil alan 50 iştirakçı cəlb olunacaq. Onlar üçün 14 gün 56 akademik saatdan ibarət təlim kursu təşkil ediləcək. Yeniyetmələrə layihə təklifi hazırlama bacarıqları öyrədiləcək ki, bu da onlarda kreativ yanaşma ilə bağlı bir çox bacarıqları inkişaf etdirəcək.
Layihə təkliflərinin hazırlanması mövzusunda təlimlər karyera təlimçisi Fərhad Abdulov tərəfindən tədris ediləcək. Layihənin sonunda iştirakçıların layihə təklifi hazırlama bacarıqları qiymətləndiriləcək. Təlimləri uğurla bitirmiş iştirakçılara sertifikatlar təqdim ediləcək.