Tarix boyu Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər heç bir Azərbaycan lideri Kreml və digər güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş göstərə bilməyib.
Bakıvaxtı.az bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, Azərbaycan prezidenti heç bir geosiyasi təsirə düşmədən, yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət edib:
“Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər, indi isə Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embarqo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, ittihamları az da olsa neytrallaşdırardı. Əvəzində Azərbaycan təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qaldı”.
Zahid Oruc əlavə edib ki, Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır:
“Onlar Qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxitektura quruculuğunu həzm edə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir”.
Deputat vurğulayıb ki, Düşənbədə keçirilən görüş Vaşinqton Zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir:
“Ölkəmiz türk dünyasının siyasi mərkəzi, Orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturasının memarıdır. Nə Ermənistanın əli ilə, nə də etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir etmək artıq mümkün deyil. Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev yenidən sübut etdi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir”.
Mina Mikayılova