• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəngəzur dəhlizi İrəvan üçün ən yaxşı şansdır: Ərdoğan Ermənistana anlatdı ki...

GÜNDƏM

28 Sentyabr 2023 | 15:53 | Müəllif: Qalib İbrahimoğlu

Zəngəzur dəhlizi İrəvan üçün ən yaxşı şansdır: Ərdoğan Ermənistana anlatdı ki...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizindən danışıb.

Bakıvaxtı.az–ın məlumatına görə, Ərdoğan deyib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır: "Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək".

Politoloq Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi əvvəl-axır açılacaq.

Onun sözlərinə görə, İranın və Ermənistanın tərəddüd və manelərinə baxmayaraq, bu nəqliyyat dəhlizi yaxın dönəmdə istifadəyə veriləcək: "Çünki dəhlizin açılmasında Türkiyə və Rusiya maraqlıdır. Hər iki dövlət də regionda əsas söz sahibidir. Qərb də istəyir ki, Rusiya və İrandan yan keçən, Şərqlə Qərbi birləşdirən alternativ nəqliyyata çıxış əldə etsin. İran çalışır ki, Qərblə bazarlığa gedib müəyyən güzəştlər qazansın. Eyni zamanda İran öz ərazisindən keçən nəqliyyat xətlərinin əhəmiyyətinin azalmasından narahatdır”.

Əli Oruclu: Əgər Ermənistan bundan da kənarda qalarsa, iqtisadi-siyasi cəhətdən böyük qazanclar itirmiş olacaq

Politoloq bildirib ki, Zəngəzur dəhlizi bütün iştirakçılardan daha çox Ermənistanın özünə lazımdır. Ermənistan məhz təcavüzkar siyasəti və qonşulara qarşı ərazi iddialarına görə regiondan keçən vacib transmilli lahiyələrdən kənarda qalıb. Avropanın istər enerji, istər kommunikasıya şaxələndirilməsi projelərində iştirak edə bilməməsi İrəvanın cəlbediciliyini və əhəmiyyətliliyini heçə salıb: “Zəngəzur dəhlizi İrəvan üçün yaranmış ən yaxşı şansdır. Əgər Ermənistan bundan da kənarda qalarsa, iqtisadi-siyasi cəhətdən böyük qazanclar itirmiş olacaq”.

Ə.Oruclunun dediyinə görə, Türkiyə prezidenti də çox yaxşı bilir ki, əslində dəhlizin açılmasında İrəvan özü də istəklidir. Sadəcə əlavə divident və imtiyazlar qazanmaq üçün özünü narazı göstərir. Türkiyə prezidenti diplomatik dildə Ermənistana anlatdı ki, bu şansdan yararlanmasan, başqası yararlanacaq.

Həmsöhbətimiz vurğulayıb ki, regionda baş verən sürətli proseslər Zəngəzur nəqliyyat dəhlizinin reallaşmasını tezləşdirə bilər: "Zəngəzur dəhlizi bütün region ölkələri - Ermənistan, Azərbaycan, Türkiyə, Rusiya, hətta İran üçün də gəlirli və əhəmiyyətlidir. Cənab Ərdoğanın iddialı bəyanatının kökündə məhz reallığı düzgün qiymətləndirməsi və siyasi iradə dayanır".

Aydın Baxış

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026