İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif İran Məclisinin (birpalatalı parlament) iclasından sonra istefa ərizəsini təqdim edib. O, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra bu qərara gəlib.
Zərif ötən ilin avqustunda da istefa vermişdi, lakin İran prezidenti Məsud Pezeşkian onun istefasını qəbul etməmişdi.
Zərifin istefası qəbul olunacaqmı? Ümumiyyətlə, vəzifədə qalmaq istəməyən siyasətçinin uzaqlaşdırılmamasının hansı səbəbləri ola bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Məsud Pezeşkian İran prezidenti seçiləndən sonra əsasən Qərblə dialoqun tərəfdarı olan şəxslərə vəzifə verməyə başladı.
Onun sözlərinə görə, istər iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmati, istərsə də Məhəmməd Cavad Zərif məhz ABŞ və digər Qərb ölkələri ilə dialoqun tərəfdarı idi:
"Xüsusən də Cavad Zərif Həsən Ruhani dövründə xarici işlər naziri işləyərkən ABŞ ilə dialoqa daha çox önəm verən şəxs kimi meydana çıxmışdı. Onun vitse-prezident vəzifəsində də ilk işi məhz ABŞ ilə dialoqu bərpa etmək idi. Lakin bu yaxınlarda İran prezidenti Məsud Pezeşkian bildirdi ki, İran Qərblə münasibətləri bərpa etmək istəsə də, Ali dini lider Əli Xamenei razı deyil. Ona görə də dialoqu bərpa edə bilmir”.
Müsahibimiz hesab edir ki, Pezeşkianın bu çıxışı öncədən razılaşdırılmışdı. Əks halda günahı Ali dini liderin üzərinə atması inandırıcı deyil. İran çalışır ki, üzərində Qərbə qarşı güclü müqavimətin olduğunu göstərsin və hakimiyyətdə olan Tramp adminstrasiyası ilə danışıqlar bərpa olunsun.
Əmrəliyev hesab edir ki, İranın ABŞ-yə yaxınlaşmağa can atmasının başlıca səbəbi Pezeşkianın öz əlini gücləndirmək istəyidir.
Zeynal Əmrəliyev: Vitse-prezidentlikdən getsə də, başqa bir statusla hökumətdə qalacaq
"Bundan başqa, daxildə SEPAH və mühafizəkar qrup Məhəmməd Cavad Zərifə qarşı çox sərt mövqe nümayiş etdirir. Zərif parlamentdə dəfələrlə sərt şəkildə tənqid olunub. Hətta İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Cavad Zərifin hələ də vitse-prezident kimi qalmasını İran tarixi üçün biabırçıq adlandırmışdı. Zərifin istefasının bir səbəbi məhz üzləşdiyi tənqidlərlə bağlıdır, - deyə müsahibimiz qeyd edib.
Politoloqun fikrincə, Cavad Zərifin istefası bu dəfə qəbul olunmayacaq. Ümumiyyətlə, onun İran hakimiyyətindən uzaqlaşdırılması real görünmür:
"Cavad Zərif vitse-prezident vəzifəsindən azad olunsa belə, başqa bir statusla hökumətdə qalmağa davam edəcək. Çünki Qərblə danışıqların məhz Cavad Zərif tərəfindən aparılması məqsədəuyğundur. O, ABŞ-də təhsil alıb və dövlət parlamentində xeyli sayda dostları var. Bu, Zərifin Qərblə əlaqələrin qurulmasına imkan yaradır".
Gülşən Şərif