Hamının başına iş gələ bilər. Hamı tıxacda qala bilər, elə mən də. Onunla da tıxacda tanış olmuşam. Yəqin yaşıdıq, bəlkə də aşağı-yuxarı bir-iki bayramlıq fərq var aramızda. Ötkəm adam təsiri bağışlayır, baxışları sərtdir, yüksək tonla danışır, onu da qınamalı deyil, siyasətlə məşğul olur axı, partiya funksioneridir.
İlk tanışlığımızdaca özünü belə təqdim elədi - Bərəkətli Vətən Torpaqlarında İnkişaf Arzulayan Xalq Təmsilçilərinin Birlik, Bərabərlik Partiyasının sədr müavini. Dedi ki, BVTİAXTBBP-nin sədri ilə hər gün şahmat oynaya-oyana bir çox vacib məsələləri, o cümlədən də nəqliyyatın tıxac dərdini müzakirə edir.
Dünən dayanacaqda durub tıxacda can verən avtobusu gözləyəndə yenə onunla qarşılaşdım. Əvvəlki sərtliyindən əsər-əlamət yox idi, yaxınlaşıb asta səslə birnəfəsə dedi:
- Bezmişəm, vallahi-billahi bezmişəm. Hər gün eyni adamla neçə saat şahmat oynamaq olar, axı? Dörd nəfər yığışıb domino oynamaq üçün burnumun ucu göynəyir. Amma alınmır...
Pauzanı doldurmaq üçün mən də asta səslə dedim ki, nə çətin işdir, sabah partiya üzvləri ilə yığışıb domino oynayın.
Sakitcə başını buladı, yan-yörəyə göz gəzdirib bir az da yaxına gəldi:
- Rəhmətliyin nəvəsi, birini bilirsən, birini yox. Partiyamızın on hərfli adına baxma, sədrimizlə məndən başqa heç kim yoxdur, domino oynamaq üçün dörd nəfər tapa bilmirik. Sədr də əsəbiləşib yaman.
Səhər mətbuatın xülasəsini izləyəndə bildim ki, bizim Milli Məclisdə siyasi partiyalarla bağlı dinləmələr keçirilir, qanuna dəyişikliklər təklif olunur. Xəbəri oxuyan kimi avtobusların tıxacda qaldığı vaxtlar tanış olduğum BVTİAXTBBP-nin sədr müavini ilə söhbətlərimi xatırladım. Yəqin ciddi bir səbəb var, yoxsa parlamentimiz ilin-günün bu vədəsində siyasi partiyaların məsələsi ilə məşğul olmazdı, kvartalın axırıdır, deputatların işi-gücü başdan aşır.
Dünya mətbuatını Ceyranbatan su anbarına susuz aparıb susuz gətirə bilən mediamızda da yeni qanun layihəsi geninə-boluna müzakirə edilir. Qəzetlərimiz, saytlar deputatlardan birinin təklifini yazmışdı, millət vəkili təklif edirdi ki, partiya sədrləri psixoloji yoxlamadan keçsinlər-filan. Həmin deputat siyasi cəhətdən çox ayıq birisidir, dərhal qeyd edib ki, təklifi yeni yaradılan partiyalarla bağlıdır...
Mən indi durub onun yerinə and içə bilmərəm, amma yəqin ki, millət vəkilinin təklifində bir xoş məram gizlənib. Lakin mənim fikrimcə, bu məsələdə bir balaca əmma var, yəni təklif ala yarımçıqdır. Lap tutaq ki, deputatın bu təklifinə deputat yoldaşları səs verdi, qanuna da yazıldı. Təzə yaranan partiyaların sədrləri də gedib psixoloji yoxlamadan keçdilər və ağıllı olmaları barədə daşdan keçən arayış aldılar. Bəs həmin partiyaların sədr müavinləri, məclis sədrləri? El dili ilə desək, ağıllı sədrin müavini dəli ola bilməz ki?
Hər bir işin xeyirli tərəfini düşünək. Yeni partiyaların sədrləri də, yerdə qalan bütün üzvləri də, yəni 7-8 nəfər də psixoloji yoxlamadan əla keçdi və həmin partiya ağıllı partiya oldu. Hə, sonra? Mənə elə gəlir ki, son illər brendə çevrilən ASAN məsələsini siyasi partiyalara da tətbiq etmək lazımdır. Elə etməliyik ki, siyasi partiyalara türkün sözü girmək də, ondan çıxmaq da ASANlaşsın. Məsələn, yeni yaradılan radikal müxalifət partiyasının rəhbəri öz üzvləri ilə səhərin gözü açılmamış Ağ Şəhər bulvarında etiraz mitinqi keçirsin, günorta həmin ərazinin yaxınlığındakı otellərin birində iqtidar partiyasının keçirdiyi toplantıya qatılıb radikal müxalifət partiyasını, sədrini, üzvlərini yaş yuyub, quru sərsin. Axşam da kamali-ədəblə TV kanallarının birinin canlı yayımına çıxıb radikal müxalifət partiyasının təcili bağlanmasını, sədrin, üzvlərin həbsini tələb etsin.
Bu qədər ASAN yəni...