• Bakı 22° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Ali Məhkəmənin həbsdə olan keçmiş əməkdaşı azadlığa buraxıldı
CƏMİYYƏT
21 Sentyabr 2024 | 12:12

Ali Məhkəmənin həbsdə olan keçmiş əməkdaşı azadlığa buraxıldı

Bakıda vətəndaşa qarşı dələduzluq əməlində ittiham edilən Ali Məhkəmənin keçmiş əməkdaşı, 1985-ci il təvəllüdlü Ceyhun Tağıyevə (şərti soyadlı) hökm oxunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 3 ay əvvəl həbs edilmiş təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Ceyhun 2010-cu ildən 2021-ci ilin oktyabr ayına kimi Ali Məhkəmənin İcra şöbəsində icra məmuru kimi işləyib. O, daha sonra işdən çıxaraq kafe işlətməyə başlayıb. Bu müddət ərzində o, keçmiş polis əməkdaşı, 1994-cü ildən 2015-ci ilə kimi Nizami RPİ-nin PPX-də polis nəfəri kimi işləmiş Əlövsət adlı şəxslə tanış olub. Əlövsət ona həyat yoldaşının işlədiyi məktəbdə müəllim vəzifəsindən kənarlaşdırılması barədə bildirib və kömək istəyib. Ceyhun ona həyat yoldaşını Suraxanı rayonu 316 saylı tam orta məktəbə müəllim kimi imtahansız işə düzəldəcəyinə söz verərək 12500 manat pul alıb. Lakin xeyli vaxt keçsə də, Ceyhun verdiyi vədə əməl etməyib və Əlövsətin yoldaşı müəllim kimi işə düzələ bilməyib.

Əlövsət verdiyi pulları geri tələb etsə də, ala bilməyib və polisə müraciət edib. Bu ilin iyul ayında Ali Məhkəmənin keçmiş əməkdaşı həbs edilib. Bundan sonra Ceyhun dəymiş zərəri ödəyib.

Sentyabrın 17-də isə Suraxanı rayon Məhkəməsində ona hökm oxunub. Dəymiş zərərin ödənilməsi və zərərçəkmiş tərəfin şikayətindən imtina etməsi nəzərə alınaraq Ceyhuna 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ayağına elektron qolbaq taxılıb və məhkəmə zalından sərbəst buraxılıb.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR