• Bakı 10° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Amerika, ermənilər və... hücum diplomatiyası! - Əkbər Qoşalı yazır
YAZARLAR
29 Noyabr 2023 | 17:53

Amerika, ermənilər və... hücum diplomatiyası! - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Xankəndidə Qarabağ Universiteti qurulur – Prezident İlham Əliyev bununla bağlı 28 noyabrda Sərəncam verdi: Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs  yaradıldı.

Universitet bölgənin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil gələnəklərinin yaşadılması məqsədilə qurulur. Belə bir nəcib missiyaya xidmət edəcək Qarabağ Universiteti, mövcud binada illər uzunu hökm sürmüş erməni nanəcibliyinin bitdiyini, yeni – işıqlı dönəmin başladığını göstərir.

Bu gün – noyabrın 29-da imzalanan yeni Sərəncam isə “Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında”dır. Prezidentinin Sərəncamı ilə 33 km uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat ayrılıb. Bəli, yol düşmənlərinin, inkişafa qarşı vandalların dağıtdığı yollar, Yer üzündən silinən kəndlər, şəhərlər yenidən qurulur, bərpa edilir... Qarabağa insanlıq, mədəniyyət qayıdır. Yolsuzlar yol tapıb cəhənnəmə getdi, indi Qarabağ yolları, bulaqları, çayları, gölləri, meşələri, ev-eşikləri... ilə Qafqazın cənnətinə dönür...

Yeri gəlmişkən, bu ayın son günü, dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların Azərbaycan-Ermənistan şərti sərhədində görüşü keçiriləcək. Görək Ermənistan bu dəfə də hoqqa çıxarmağa cəhd edəcəkmi? Ağır məğlubların haqsız cəhdləri əlbəttə bihudədir!.. Vaxt itirilə bilər – o itirilən vaxtsa ilk növbədə ermənilərçün ağır sonuclar gətirəcəkdir. Yaxın keçmişin təcrübəsi onlara dərs olmalı.

Tam da bu gün oxudum ki, Ermənistanda çağırışçıların sayı yarıbayarı azalıb. Belə ki Ermənistanda son 9 ildə çağırışçıların sayı 44 mindən 24 minə qədər azalıb.

Xəbər agentlikləri yazır ki, əlbəttə, çağırışçıların sayının belə kəskin azalması bəzi mülahizələrə əsas verir. Mütəxəssislər sözügedən azalmanın iki əsas səbəbini vurğulayır: birincisi – demoqrafik situasiya; ikincisi isə fərarilik. Fərarilik ermənilərin ən yaxşı bacardığı “peşə”lərəndir. – 44 gün içində 11 min fərari “ürətən” Ermənistan silahlı qüvvələri Ginnesin rekordlar kitabına düşməyi haqq edib.

Bəli, Ermənistanda sosial-iqtisadi durumun bərbadlığı ermənilərin ölkəni sürətlə (bir çox halda, bir daha geri dönməmək üzrə) tərk etməsinə səbəb olur. Buna uyğun olaraq, hərbi xidmət yaşına çatmış şəxslərin də azalması qaçılmazdır. Artıq heç kim “əvəzçıxama” azarına tutulmuşların bekara siyasi-hərbi ambisiyaları uğruna öz canını, sağlamlığını  qurban vermək istəmir. Beləliklə, keçmiş işğalçının sınıq-salxaq ordusundan yayınma halları və çağırışçıların say azalması danılmaz fakta çevrilib. Allah necə haqdır!

Yuxarıda qısa vurğu etdiyimiz Sərəncamlardan az öncə - noyabrın 27-də ABŞ-ın Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi.

Dövlət başçımız telefon danışığı zamanı bildirib ki, Azərbaycanın bu il  sentyabrın 11-də Ermənistana Sülh müqaviləsinin mətni ilə bağlı təqdim etdiyi təklifləri Ermənistan yalnız noyabrın 21-də cavablandırıb. – “Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir”.

Dövlət katibi (son vaxtlar soyumuş) münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Blinken bunu qəbul edib.

Prezident vurğulayıb ki, ABŞ tərəfindən respublikamızla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Dövlət başçımız məhz həmin o Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

ABŞ Dövlət katibinin telefon zəngindən 3 gün öncə - noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşü Azərbaycanın evsahibliyi ilə Bakıda keçirldi. Prezident Əliyev Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan prezidentləri, Gürcüstan və Macarıstanın baş nazirləri ilə görüşüb, səmərəli müzakirələr apardı.

İndi buyurun, diqqət edək:

ABŞ-ın Azərbaycana münasibətdə ikitərəfli yüksək səviyyəli görüş və təmasları təxirə salmasını, bu azmış kimi, “ikitərəfli münasibətlərimiz daha “öncəki kimi” ola bilməz” açıqlamasını eşitdik, nəzərə aldıq və öz adekvat cavabımızı verdik. – Xarici İşlər Nazirliyimiz noyabrın 16-da bununla bağlı açıqlama verdi, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdi.

Xatırladığımız kimi, Makron Fransası son illər özünü çox rahatsız aparırdı və Azərbaycana qarşı haqsız, ədalətsiz çıxışlar, açıqlamalar, qərar və qətnamələr ara vermirdi. Buna qarşılıq olaraq, Azərbaycan Prezidentinin timsalında, örnəyində Azərbaycan Respublikası öz vacib qərarlarını aldı.

Fransanın neomüstəmləkəçilik siyasəti son illər məhz Azərbaycanın dövlət başçısı tərəfindən beynəlxalq səviyyədə dəfələrlə ifaş olunub. Gəlin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına Azərbaycan Prezidentinin 20 noyabr 2023-cü ildə göndərdiyi məktubdan bir bölümə diqqət edək: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur.

Mən Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır.

1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir”. Fransa beynəlxalq ictimai fikrin belə səlis, danılmaz bilgilərlə, fikirlərlə təchiz edilməsini, əlbəttə arzulamır. Amma şüşə evdə oturub daş evlərə daş atmaq şakərindən də asanlıqla əl çəkmək istəmir. İstəksizlik Makronun başına bəla olur ki olur...

(Nə təvafüqlükdür, bu günlərdə Fransada yenə ara qarışıb-məzhəb itməkdədir: Fransanın güney-doğusunda yerləşən Romanes-sur-Isere şəhərində bir yeniyetmənin bayram vaxtı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb. – Təxminən 50 - 100 arası ultra sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıb. Onlardan bəzisi zibil qutularını aşırıb, konteynerləri yandırıb. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atıb. İğtişaşda suşlananlardan 20-si saxlanılıb, 3-ü xəsarət alıb. Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb edib. Fransa və ədalət! – Bu iki söz bir cümlədə və yana-yana çəkilincə ədalət əziyyət çəkir!

Romanes-sur-Isere şəhərində (Makron Fransasında!) təqribən hər bir etirazçıya qarşı iki təhlükəsizlik qüvvəsi cəlb edilib).

Uzun sözün qısası, Fransadan sonra ABŞ-a qarşı da məhz hücum diplomatiyası türündə davranmağımız öz sonuclarını çox gözlətmədi. Blinken Prezident Əliyevə telefon zəngi etməli oldu və yuxarıda vurğuladığımız razılşama əldə edildi.

Beləliklə, sanki bir-birindən ayrıymış kimi görünən hadisələri bir iri tabloya düzdükdə, başqa sözlə, hadisələrə iri tabloda baxdıqda Azərbaycan gündəliyinin necə sərrast müəyyənləşdirildiyini görürük. Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə yürütdüyü xarici siyasət öz düzgünlüyünü, məqsədəmüvafiqliyini və daha üstün mövqelər vəd etdiyini bir daha sübut etməkdədir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

04 Dekabr 2024