Havaların soyuması ilə qaza olan tələbat artıb. Lakin qazdan təhlükəsizlik qaydalarına əməl olunmadan istifadə bəzən bədbəxt hadisə ilə nəticələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycanda qaz sızmasından iki partlayış baş verib. Hadisələrdən biri Daşkəsəndə, digəri Sumqayıtda qeydə alınıb.
Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verən partlayışda ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb.
Sumqayıtda isə müəssisədə olan partlayışda 1982-ci il təvəllüdlü Təbriz Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Nuruyev termik yanıq xəsarətləri alıblar.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bəs hansı təhlükəsizlik qaydalarını bilməli və əməl etməliyik? Texniki nasazlıq səbəbindən qaz sızması baş verərsə, ilkin olaraq hansı tədbirləri görməliyik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qaz təsərrüfatı olan istər obyektlər olsun, istərsə fərdi yaşayış binaları, hər birində mütləq təhlükəsizlik planları ön planda olmalıdır. Qazın fiziki, kimyəvi xassəsi yanmaq, partlamaqdır:
“Qanunvericilikdə təsbit olunub ki, qaz əleyhinə və dəm qazı əleyhinə detektor olmalı, istehlakçılar mütləq bunu təmin etməlidirlər. Dəm qazı əleyhinə olan detektor dəm qazı əmələ gələndə anındaca istifadəçiyə bununla bağlı məlumat verir və bu da dəm qazının qurbanı olmaqdan xilas edir, bəzən də böyük bir faciənin qarşısını alır”.
E.Nurəliyev bildirib ki, qaz təsərrüfatına hər hansısa bir kənar müdaxilə, yerdəyişmə etmək, qeyri-metal borularla qaz xətti çəkmək təhlükəsizlik qaydalarına ziddir. Onun sözlərinə görə, qaz xətləri təyin olunmuş yerdə olmalı, bir yerdən digər yerə keçirilməməlidir:
“Standartlara uyğun olmayan qaz sobalarından, avadanlıqlarından istifadə olunması yolverilməzdir. Belə olan halda əlbəttə ki, qaz sızması, partlayış olacaq”.
Elmar Nurəliyev: Qaz xətləri təyin olunmuş yerdə olmalı, bir yerdən digər yerə keçirilməməlidir
Müsahibimiz qeyd edib ki, qaz təsərrüfatında istər texniki, istərsə də mexaniki problemlərin aradan qaldırılmasını qohuma, dosta, tanışa demək düzgün deyil, bunu mütləq ixtisaslaşmış bir müəssisəyə həvalə etmək lazımdır. Ekspert deyib ki, amma bəzən insanlar bunu özü edir, yaxud hər hansısa bir tanışına etibar edir, lakin bu, doğru yanaşma deyil, təhlükəsizlik baxımdan yolverilməzdir.
"Qaz olmayan yerlərdə qaz balonlarının istifadəsi də təhlükəsizliyə ziddir. Qaz balonlarının istifadəsi üçün xüsusi tələblər var, bunlar mütləq bilinməlidir, texniki baxışdan keçməlidir. Təəssüf ki, bəzən illərlə nəzarət olunmuyan balonlar olur və sonda da faciə ilə nəticələnir. Ona görə mütləqdir ki, bütün qaz təsərrüfatı olan evlərdə təhlükəsizlik ön planda olsun, qaz xəttinin saz vəziyyətdə olmasına diqqət yetirilməlidir", - deyə Elmar Nurəliyev vurğulayıb.
Nuriyyə Musayeva