• Bakı 21° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Macarıstan Türk Ticarət və Sənaye Palataları Birliyinə tamhüquqlu üzv oldu

DÜNYA

18 Iyun 2025 | 17:55

Macarıstan Türk Ticarət və Sənaye Palataları Birliyinə tamhüquqlu üzv oldu

Macarıstanın paytaxtı Budapeştdə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

Bakıvaxtı.az Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, iclasda Macarıstanın bu təşkilata tamhüquqlu üzv qəbul edilməsi məsələsinə baxılıb.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Katalin Bihari ölkəsini türk dövlətləri üçün Avropaya açılan qapı kimi qiymətləndirib. O, ticarət sahəsində əməkdaşlıq potensialını, birgə iqtisadi komissiyalarda kənd təsərrüfatı və logistika daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, Macarıstanın Türk İnvestisiya Fonduna qoşulmaq səylərinin iqtisadi əlaqələrin genişləndirilməsinə sadiqliyini nümayiş etdirdiyini bildirib.

TCCI-nin fəxri prezidenti, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu iştirakçıları Dünya Palatalar Federasiyası və türk iş adamları adından salamlayaraq, üzv palataları ticarət müharibələri, iqlim böhranları kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün birliyi gücləndirmək və süni intellekt, logistika və enerji sahələrində imkanlardan istifadə etməyə çağırıb.

TCCI-nin və ASK-nın prezidenti Məmməd Musayev qədim macar türk torpaqlarında keçirilən bu tədbirin əməkdaşlıqda yeni imkanlar açmaq, gücləri birləşdirmək və uğurlara nail olmağa yeni bir töhfə verəcəyinə inandığını söyləyib. O bildirib ki, 2024-cü ilin yekunlarına görə Türk Dövlətlər Təşkilatının üzv dövlətlərdə ÜDM-in dəyəri 2 trilyon 112 milyard, ticarət dövriyyəsinin dəyəri 1 trilyon 174 milyard dollar təşkil edir. Ümumilikdə dünya ərazisinin 1 %-i, əhalisinin 3 %-i, qlobal ticarət dövriyyəsinin 3,5 %-i üzv ölkələrin payına düşür. Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. Bu artım rəqəmləri təkcə türk dövlətlərinin iqtisadiyyatların dayanıqlığını deyil, həm də onların qlobal iqtisadi sistemə artan inteqrasiyasını göstərir.

Macarıstan Ticarət və Sənaye Palatasının prezidenti Elek Nagi, TCCI üzvlərinin təkcə tərəfdaşlar kimi deyil, ortaq ambisiyaların və dinamik, gələcəyə baxışların birləşdiyi bir ailə kimi bir araya gəldiyini vurğulayıb. O, görüşün biznes yönümlü əməkdaşlığın qurulması, kiçik və orta biznesin dəstəklənməsi, peşə təhsilinin inkişafı və üzv ölkələrin şirkətlərini stimullaşdırmaq üçün kapital proqramlarının işə salınması, eyni zamanda bilik mübadiləsi, qarşılıqlı etimad və sarsılmaz qardaşlıq bağı vasitəsilə əlaqələri gücləndirmək istiqamətində önəmindən danışıb.

Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev Macarıstan Palatasının tərəfdaşlıqların qurulmasında fəal iştirak etməsindən şad olduğunu, bu il Fond və TCCI arasında Anlaşma Memorandumunun imzalandığını vurğulayıb. O, memorandumun Türk İnvestisiya Fonduna türkdilli ölkələrdəki müəssisələrin real ehtiyaclarına daha yaxın olmağa kömək edəcəyini, Fondun əsas işinin dəyər yaradan layihələri maliyyələşdirmək olduğunu qeyd edib. B.Amreyev Macarıstanın türk dünyası ilə Avropa arasında mühüm körpü rolu oynadığını bildirib.

Sonda üzv palataların yekdilliklə səs verməsi ilə Macarıstan Ticarət və Sənaye Palatası TCCI -yə tam hüquqlu üzv qəbul edilib.

Azərbaycan nümayəndə heyəti Budapeştə səfər çərçivəsində macar folklorunun mühüm simvolu - möcüzəli maral heykəlinin açılışında iştirak edib. Macarıstan Mərkəzi Bankının rəhbəri Mixali Varqa M.Musayevlə görüşərək, Asiyadan gələn macarların Karpat hövzəsinin fəthi zamanı bu simvolu özləri ilə gətirdiklərini qeyd edib, möcüzəli maralı Asiya ilə Avropa arasında ölkənin mədəni irsinin və kimliyinin bir hissəsi olan “körpü” adlandırıb. M.Musayev türk dövlətlərini artıq yalnız tarixi bağların deyil, həm də iqtisadi və ticarət əlaqələrinin sıx birləşdirdiyini qeyd edib.


SON XƏBƏRLƏR