• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Dayımın nərdivanı - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
17 Iyun 2022 | 14:27

Dayımın nərdivanı - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Artıq heç nə əvvəlki kimi deyil. Çox şey dəyişib, necə deyərlər, köhnə bazara təzə tərəzi gəlib.

Əvvəllər dost-tanışla görüşmək istəyəndə deyərdilər ki, gəl “Cücələrim”in qabağına, “Mirvari”nin sol tərəfinə, canım sənə desin “Olimp”in sağına. İndinin koordinatları da qəribə olub, zəng vurub deyirlər ki, səni “Nənəmin təndiri”nin yanında gözləyirəm, mesaj yazırlar ki, filan vaxtda “Qayınanamın bostanı” tərəfdə olacam, sabah “Babamın tütünü” tərəfə gələ bilsən əla olar...

Dünən axşam keçmiş nazirin keçmiş müavini ilə yolda təsadüfən rastlaşdım. Gördüm müəllimin üzü-gözü gülür, halı da yaxşıdır. Sual verməyimi gözləmədi, dedi ki, “Bibimin dolması” restoranında sabiqlərlə yaxşıca oturmuşduq.

Sualımı gözlərimdən oxudu sanki, elə qışqırdı ki, az qaldı yaxınlıqdakı reklam lövhəsi başımıza aşsın: “Keçən əsrdən Bakıdasan, şəhərdə hələ də özünü kəndçi kimi aparırsan. “Bibimin dolması”nı tanımırsan? “Bibimin dolması” düz “Əmdostumun küküsü”nünün qabağındadır”.

Keçmiş nazirin keçmiş müavini siqaretin tüstüsünü düz sifətimə üfürüb “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” mahnısını zümzümə edə-edə uzaqlaşdı.

“Formula1” yarışlarının izi yaşayan Bakı küçələrində hara boylanırsan “Məmişin lüləsi”, “Tərişin tikəsi” lövhələri adamın gözünə tikan kimi batır. Bayaq vacib bir işim var idi, bütün yolu qaçaqaçla getdiyimdən nəfəsim tıncıxmışdı. Bir də gördüm gəlib durmuşam “Aynanın ayranı” yazılan köşkün qarşısında. Yeriniz məlum, bir stəkan sərin ayran içəndən sonra ağlıma əla fikir gəldi.

İstəyirəm trendə qoşulmaqla biznes qurum. Dadlı qazan yeməkləri bişirilən bir restoran açım, adını da qoyum “Qəzinin qazanı”. Restorandan qazandığım pulu yatırım başqa bir sahəyə. Məsələn, tikinti materialları satılan bazar açım, adı da olsun “Dadaşın daşı”. Onun da yanında evdə, bağda lazım olan ləvazimatların satıldığı bir mağazam olsun. Adını da tapmışam-“Dayımın nərdivanı”.

Hər şey planlaşdırdığım kimi yaxşı getsə, ildırım sürəti ilə karyera qurmaq istəyənlər üçün kurs da açacam. Adı artıq indidən hazırdı- “Müdirimin aftafası”.

Nağd bilirəm ki, bu kurs yaxşı qazanc gətirəcək. Deməli, başqa layihələrimi də maliyyələşdirmək üçün pulum olacaq.

Sizcə, daha hansı sahəyə baş vura bilərəm?

Orijinal təklif müəlliflərinə babat qonaqlıq verəcəm, özü də “Etibarın barı” restoranında...


SON XƏBƏRLƏR

18 Aprel 2024