• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Sahib Alıyev: “Bakını addım-addım azərbaycanlılaşdıran ilk lider Heydər Əliyev oldu”
SİYASƏT
14 Iyul 2025 | 15:20

Sahib Alıyev: “Bakını addım-addım azərbaycanlılaşdıran ilk lider Heydər Əliyev oldu”

"Mən Azərbayacana rəhbər təyin edilməsindən düz 56 il keçən Heydər Əliyevin bu vəzifədə fəaliyyətə başladığı elə ilk illərdən müstəqilliyimiz üçün nə dərəcədə böyük anlam daşıdığı bəzən unudulan bir xidmətini xatırlatmaq istəyirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Sahib Alıyev deyib.

“Mən Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunmasının 56-cı ildönümündə onun çox vaxt xatırlanmayan, lakin müstəqilliyimiz baxımından son dərəcə önəmli olan bir xidmətini qeyd etmək istəyirəm. Söhbət məlum və məlun cütlüyün – sovet rəhbərliyindəki bəzi dairələrin – Bakını Stepanakertləşdirməyə çalışdığı bir vaxtda, onun paytaxtımızı addım-addım azərbaycanlılaşdırmasından gedir. Heydər Əliyev Bakını təkcə de-yure deyil, həm də de-fakto olaraq Azərbaycan xalqının paytaxtına çevirdi”,- deyə parlamentari nitqinə əlavə edib.

Deputat qeyd edib ki, sovet dövründə Moskva əsasən türk respublikalarının paytaxtlarında yerli əhalinin sayını az saxlamağa çalışırdı:

“Məsələn, 1989-cu il statistikasına görə, Daşkənddə özbəklər əhalinin cəmi 44,2 faizini, Bişkekdə qırğızlar 22,8 faizini təşkil edirdi. Almatıda qazaxların sayı 25 faizdən az idi. 1979-cu ildə Aşqabadda türkmənlər şəhər əhalisinin cəmi 40,5 faizini təşkil edirdi”.

Sahib Alıyev vurğulayıb ki, bu mənzərə fonunda Azərbaycan öz paytaxtını ilk milliləşdirən türk respublikası oldu və bu prosesin başında məhz Heydər Əliyev dururdu:

“Bu gün qürurla deyirik ki, bütün riskləri öz üzərinə götürərək, türk respublikaları içərisində öz paytaxtını ilk milliləşdirən məhz Azərbaycan oldu. Bu, Heydər Əliyevin uzaqgörən və cəsarətli addımlarının nəticəsi idi. O Heydər Əliyev ki, SSRİ hələ dağılmamış, 1991-ci il martın 7-də bu salonda bəyan etmişdi: ‘Əgər digər respublikalar İttifaqda qalsalar belə, Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır’”.

Mina Mikayılova


SON XƏBƏRLƏR