• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Azərbaycanın Yaxın Şərq siyasətində Suriya vektoru: Yeni başlanğıclar

SİYASƏT

14 Iyul 2025 | 15:52

Azərbaycanın Yaxın Şərq siyasətində Suriya vektoru: Yeni başlanğıclar

Azərbaycanın müstəqil xarici siyasət kursu ölkəmizə mürəkkəb və ziddiyyətli regionlardan biri olan Yaxın Şərqdə belə etibarlı və balanslı mövqe tutmaq imkanı yaradıb. Strateji təmkin, tarixi yaddaş və humanitar yanaşma bu siyasətin əsas dayaqlarıdır. Bu kontekstdə Azərbaycan ilə Suriya arasında yenidən canlanan münasibətlər xüsusi diqqətə layiqdir.

Milli Məclisin deputatı Azər Allahverənov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Suriya arasındakı münasibətlərin möhkəmləndirilməsi təkcə siyasi və iqtisadi maraqlardan doğmur, eyni zamanda humanitar və tarixi bağlılıqlara da əsaslanır.

"Suriya ilə qurulan yeni tərəfdaşlıq formatı qarşılıqlı hörmət, ortaq dəyərlər və regional sabitliyə töhfə vermək istəyi ilə səciyyələnir. Suriyaya göndərilən yüksək səviyyəli nümayəndə heyəti sırf diplomatik ziyarət çərçivəsində deyil, eyni zamanda mənəvi dəstək mesajı daşıyırdı", – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu münasibətlər Azərbaycanın Yaxın Şərq regionundakı mövqeyinin bir göstəricisidir və daha geniş geosiyasi vizyonun tərkib hissəsidir:

"Azərbaycan regional əməkdaşlığa sadəcə iqtisadi tərəf kimi yanaşmır. Ölkəmiz, həmçinin sabitliyin və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın təşviqçisidir".

Deputat həmçinin enerji sahəsində nəzərdə tutulan əməkdaşlıq imkanlarını da şərh edib. Onun fikrincə, bu sahədə atılan addımlar həm iqtisadi diversifikasiya məqsədlərinə xidmət edir, həm də regional enerji təhlükəsizliyinə real töhfədir:

"Azərbaycanın qaz ehtiyatlarının Suriya bazarına yönəldilməsi təkcə kommersiya layihəsi deyil, bu, bölgədə enerji sabitliyinin möhkəmləndirilməsinə yönəlmiş strateji təşəbbüsdür. Eyni zamanda, bu əməkdaşlıq Suriyanın tranzit imkanlarını da genişləndirə bilər".

Azər Allahverənov bildirib ki, hazırkı beynəlxalq reallıqlar fonunda enerji resurslarına çıxış və təchizatın etibarlılığı milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib:

"SOCAR-ın Suriyada neft emalı obyektlərinin yenilənməsi və müasir standartlara uyğun qurulmasında iştirak etməsi təkcə iqtisadi deyil, həm də texnoloji və institusional inkişaf baxımından əhəmiyyətlidir. Bu həm də ölkəmizin ixrac imkanlarının artmasına xidmət edəcək", – deyə o qeyd edib.

Parlamentari əlavə edib ki, bu əməkdaşlıq çərçivəsində həm insan kapitalının inkişafı, həm də yerli infrastrukturun gücləndirilməsi istiqamətində konkret addımlar atıla bilər:

"SOCAR-ın təcrübəsi Suriyalı tərəfdaşlarla bilik və idarəetmə sahəsində əməkdaşlığa geniş imkanlar açır. Eyni zamanda, Suriya yalnız son bazar deyil, həm də Azərbaycan qazının daha geniş regionlara çatdırılması üçün mühüm keçid məntəqəsinə çevrilə bilər".

Azər Allahverənov, Milli Məclisin deputatı

Onun sözlərinə görə, Azərbaycanın elektrik enerjisi ixrac potensialı da nəzərə alınarsa, Yaxın Şərq üçün tamamilə yeni bir enerji xəritəsi formalaşa bilər:

"Bölgədə enerji inteqrasiyası Azərbaycanın qlobal bazarlardakı mövqeyini möhkəmləndirməklə yanaşı, regionda sabitlik və davamlı tərəfdaşlıq mühitinin yaradılmasına da xidmət edəcək".

Deputat hesab edir ki, Azərbaycanla Suriya arasında uzun illər davam edən münasibətlər zaman-zaman passivləşsə də, bu gün qarşılıqlı inama əsaslanan yeni mərhələ başlanır:

"Azərbaycan Suriyaya yalnız enerji sahəsində deyil, eyni zamanda post-münaqişə dövründə bərpa işləri ilə bağlı öz praktiki təcrübəsini paylaşmağa da hazırdır. Qarabağda reallaşdırılan yenidənqurma layihələri bu baxımdan nümunə ola bilər".

Sonda deputat bildirib ki, bu münasibətlər Azərbaycanın beynəlxalq aləmdə qəbul etdiyi "sakit diplomatiya" modelinə uyğun şəkildə inkişaf etdirilir:

"Azərbaycan müxtəlif regional münaqişələrdə neytral vasitəçi kimi çıxış edərək, dialoqa və sabitliyə töhfə verən aktora çevrilib. Bu isə ölkəmizin həm iqtisadi, həm də diplomatik baxımdan etibarlı tərəfdaş statusunu daha da gücləndirir".

"Azərbaycan bu gün yalnız enerji ixrac edən ölkə deyil – eyni zamanda sabitlik, əməkdaşlıq və inkişaf modelini ixrac edən dövlətdir. Suriya ilə inkişaf edən münasibətlər bu baxımdan strateji baxışın uğurlu nümunəsidir", – deyə deputat yekunlaşdırıb.


SON XƏBƏRLƏR