• Bakı 25° C

    2.74 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı

CƏMİYYƏT

14 Iyul 2025 | 13:19

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı

Türkiyədə davam edən arxeoloji qazıntılar, bərpa işləri və elmi tədqiqatlar ölkənin tarixi irsini daha dərindən anlamağa imkan yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu yaxınlarda aparılmış irimiqyaslı genetik araşdırma göstərib ki, Mərkəzi Türkiyədə yerləşən Neolitik dövrə aid Çatalhöyük məskəni qadın nəsil xəttinə əsaslanan bir cəmiyyət quruluşuna malik olub. Bu nəticə qədim aqrar toplumlarda qadınların nə dərəcədə mərkəzi rola sahib olduğunu aydın şəkildə göstərir.

Tədqiqatlar həmçinin zamanla dəyişən qohumluq münasibətlərini izləyərək sosial normaların əsrlər boyu necə təkamül keçirdiyini üzə çıxarıb. Bu gün Çatalhöyük dünyanın ilk şəhəri kimi tanınır. Burada ətraf kəndlərin birləşərək mərkəzləşmiş bir yaşayış məntəqəsi yaratması şəhər sivilizasiyasının əsasını qoyub – bu da sonradan bütün müasir dünyanın inkişafına təkan verən dönüş nöqtəsi olub.

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən və bugünkü Konya vilayətində yerləşən Çatalhöyük unikal xüsusiyyətləri ilə seçilir. Onlardan biri də evlərin altında dəfn ənənəsidir – insanlar birbaşa yaşadıqları məkanın altına basdırılırdı. "Science" jurnalında dərc olunan və 12 il davam edən genişmiqyaslı araşdırma bu dəfnlər əsasında aparılıb. Tədqiqat Türkiyə və 10 başqa ölkədən olan 47 genetik, arxeoloq və bioantropoloqun birgə əməkdaşlığı ilə həyata keçirilib və qohumluq bağları, qadın və kişi rolları barədə maraqlı nəticələr ortaya qoyub.

Tədqiqat çərçivəsində eramızdan əvvəl 8000–5800-cü illər arasında yaşamış 395 fərdin skelet qalıqları analiz olunub və 35 evdə dəfn edilən 131 nəfərin DNT-si uğurla deşifrə edilib. Genetik müqayisələr göstərib ki, Çatalhöyükdə ailə üzvləri arasında ana xətti ata xəttindən daha mühüm bağ rolunu oynayıb. Hər bir evdə qadınların ailənin əsas dayağı olduğu, kişilərin isə daha çox başqa yerə köç etdikləri ehtimal olunur. Qız uşaqlarının məzarlarında oğlanlarla müqayisədə daha çox dəfn əşyalarının olması da bu fərqi təsdiqləyir.

Bu nəticələr sübut edir ki, Avropadakı Neolitik məskənlərdə, hansıların ki mənşəyi Anadoludan gəlir. Rast gəlinən kişi üstünlüklü sosial quruluşlar, əslində erkən aqrar cəmiyyətlər üçün xarakterik deyildi. Yəni qadın mərkəzli cəmiyyətlər o dövr üçün daha təbii model ola bilərdi.

Araşdırma, həmçinin, zaman keçdikcə Çatalhöyükdə qohumluq strukturunun dəyişdiyini də ortaya qoyur. İlk dövrlərdə eyni evdə dəfn olunan şəxslərin genetik baxımdan yaxın olması, bu evlərin bioloji ailə üzvləri tərəfindən istifadə edildiyini göstərir. Lakin sonrakı mərhələlərdə bu əlaqə zəifləyir və bioloji bağlılığın sosial təşkilatlanmadakı rolu arxa plana keçir. Alimlər bu dəyişikliyi mədəni amillərlə,  məsələn, övladlığa götürmə və ya uşaq böyütmənin fərqli formalarının geniş yayılması ilə izah edirlər.

Çatalhöyük: Şəhərsalmanın Neolitik Əcdadı

Çatalhöyük, təxminən 9 min il əvvəl mövcud olmuş bir cəmiyyətə işıq salır. Bu qədim yaşayış məskəni vasitəsilə ziyarətçilər insanlıq tarixinin başlanğıcına səyahət edə bilər, burada aşkar edilən qalıqlar isə həmin dövr cəmiyyətinin nə qədər inkişaf etmiş olduğunu aydın şəkildə göstərir. Çatalhöyüyü fərqləndirən əsas cəhətlər onun geniş ərazisi, uzunömürlü yaşayışı, bir-birinə bitişik və damdan girişli ev klasterləri, habelə divar rəsmləri və relyeflərdir. Bu tapıntılar şəhərsalma, davamlı yaşayış, sosial təşkilatlanma və mədəni ənənələrə dair incə düşünülmüş yanaşmaları əks etdirir.

Ərazidə tapılmış ən simvolik artefaktlardan biri də çoxsaylı qadın fiqurlarından ibarət kolleksiyadır. Bu fiqurlar geniş şəkildə Ana Tanrıça kultunun və matriarxal cəmiyyətin mümkün izləri kimi şərh olunur. Çatalhöyükdə tapılan qadın fiqurları və digər zəngin tapıntıların əhəmiyyətli bir hissəsi bu gün Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdirilsə də, məhz bu qədim məskənin özündə gəzmək, insan həyatının ilk izlərinin müşahidə edildiyi yerlərdə addımlamaq xüsusi bir təəssürat yaradır.

Türkiyə isə mədəni irsin qorunmasına sadiq qalaraq 2023-cü ildə Çatalhöyükdə müasir informasiya və ziyarətçi mərkəzinin açılışını edib. Arxeoloji sahənin özündə yerləşən bu mərkəz interaktiv panellər və təsirli multimedia qurğuları ilə Çatalhöyük haqqında hərtərəfli məlumat verir və ziyarətçilərə qədim cəmiyyətin həyatına vizual səyahət imkanı yaradır.

Lakin Çatalhöyük tək deyil, Türkiyədə arxeoloji fəaliyyətlər geniş vüsət alıb. “Gələcək üçün irs” layihəsi çərçivəsində ölkə üzrə qazıntılar və bərpa işləri mövsüm və bölgə fərqi olmadan davam etdirilir. 2024-cü il Türkiyə tərəfindən “Arxeologiyanın Qızıl Dövrü” elan olunub və aparılan arxeoloji işlərin sayı 765-ə çatdırılıb. Bu rəqəmin 2026-cı ilədək 800-ə yüksələcəyi gözlənilir.


SON XƏBƏRLƏR