Azərbaycanda kiçik və orta biznes (KOB) ekoloji cəhətdən dayanıqlı inkişaf modelinə keçid zamanı üç əsas problemlə üzləşir: bilik və məlumat çatışmazlığı, məhdud resurslar və iqlim maliyyələşdirməsinə çıxışın olmaması.
Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev 30-cu Bakı Enerji Forumu çərçivəsində bildirib.
E.Əliyevin sözlərinə görə, əsas problem məlumatlılığın kifayət qədər olmamasıdır.
"Bir çox KOB-lar ətraf mühitə necə təsir göstərdiklərini dərk etmir. Bu, xüsusilə kənd yerlərində və aqrar sektorda müşahidə olunur. Şirkətlər çox vaxt su, torpaq və digər təbii ehtiyatlardan qeyri-səmərəli istifadə olunması barədə düşünmür. Urbanizasiya olunmuş mühitdə aydın görünən məqamlar regionlarda çox vaxt sadəcə məlum deyil", - o qeyd edib.
Müşavirin fikrincə, ikinci problem ekoloji həllərin tətbiqi üçün resurs və kadr potensialının çatışmazlığıdır.
"Hətta dayanıqlı inkişafın əhəmiyyətini başa düşənlərin də ekspertlərə çıxışı yoxdur və mütəxəssisləri işə götürməyə imkanları çatmır. Kiçik biznes mövcud olmağa və səmərəliliyə yönəlib, buna görə də hər hansı əlavə tələblər onlar üçün ciddi çağırışa çevrilir", - KOBİA nümayəndəsi izah edib.
O, üçüncü maneəni iqlim maliyyələşdirməsinə çıxışın olmamasında görür.
"KOB-lar ənənəvi maliyyə resurslarını əldə etməkdə çətinlik çəkir, onların əksəriyyəti ixtisaslaşmış "yaşıl alət”lər haqqında eşitməyib. Eyni zamanda, maliyyələşdirmə olmadan dayanıqlı keçid sadəcə mümkün deyil", - E.Əliyev vurğulayıb.