Bir neçə gündür Lənkəran şəhərinin adı İcra Hakimiyyəti başçısının xanım müavininin hesabına dillərdən düşmür. Yəqin əksəriyyət elə biləcək ki, bu müavin hansısa bir yeniliyə imza atıb, yaxud, aylıq maaşından imtina edərək, pulu imkansız bir ailəyə yönəldib. Elə şeylər bizdə ancaq yuxuda (heç yuxuda görüləcəyinə də inanmıram) ola bilər. Xanım müavin bir məktəbli qızı döyməsiylə tarixə düşdü.
Bilənlər bilir, bilməyənlərə də mən deyim, bilsinlər. Demək, Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edilib. Bununla bağlı Lənkəran rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Eyni zamanda keçirilən məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.
Əslində, bu xəbər yayılan kimi Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də məktəb direktoru araşdırma dövründə tutduqları vəzifədən istefa verməliydilər. Amma bir məktəblini birləşib döyən arvadlardan bunu gözləməyin yersiz olduğunu da bilirəm. Belə olan halda, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı müavinini, Lənkəran-Astara Regional Təhsil İdarəsi isə məktəb direktorunu işdən çıxarmalıydı. Amma və lakin...
Dünən Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müavini Rasilə Arifqızını tutduğu vəzifədən azad edib. Açığı, bundan sonra cənab Qaraşovun ictimaiyyət qarşısına çıxıb müavininin addımı ilə bağlı açıqlama verməsini də gözləyirdi media. Yenə də amma və lakin...
Elə Baku TV-nin əməkdaşı, tanınmış jurnalist Tural Müseyibov da bu gözləntiylə icra başçısına zəng vurub. Başçı jurnalistin sualını sonadək dinləməmi. Gözünü yumub, ağzını açıb: “Ə, qardaş, bilirsən nə var? Get, mətbuatı oxu, yığmısınız məni boğaza, bu suallarla. Gedin, mətbuatı oxuyun də...”
Bu, 63 illik həyatının 26 ilini ayrı-ayrı rayonlarda, son 10 ilini məhz Lənkəranda icra başçısı kreslosunda oturan bir nəfərin jurnalistə cavabıdır. Bu, Qaraşovun təkcə Müseyibova verdiyi cavab yox, bütünlükdə ölkə mətbuatına verdiyi cavabdı, göstərdiyi münasibətdi: “... yığmısınız məni boğaza”.
...Prezident İlham Əliyevin mətbuata, jurnalistlərə göstərdiyi diqqət və qayğıya baxın və bir də digər tərəfdə məmurların mətbuata, jurnalistlərə göstərdiyi “diqqət və qayğı”ya baxın. Jurnalistlərin əlindən “boğaza yığılan” məmurların hərəkətləri yaxşı heç nə vəd etmir...