Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində cinayət işi başlanıb.
Baş Prokurorluq Özgür Özəlin partiyanın 5 iyul tarixində keçirilən Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasından sonra mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı araşdırmaya başlayıb.
Rəsmi açıqlamada qeyd edilir ki, Özgür Özəl barəsində “Türkiyə Prezidentinə təhqir”, “dövlət qulluqçularına vəzifələrini yerinə yetirdiklərinə görə təhqir və hədə” maddələri üzrə istintaq başladılıb.
Hazırda Baş Prokurorluğun araşdırmaları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-a açıqlamasında CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, oktyabr ayından bəri hökumət hüquqi yollarla CHP-yə təzyiq göstərməyə çalışır:
"Hazırda 15 bələdiyyə başçımız həbsdədir. Onların arasında İstanbul Böyükşəhər Bələdiyyə başçısı və partiyamızın prezidentliyə namizədi Ekrem İmamoğlu da var.
Digər tərəfdən, 2023-cü ilin noyabrında keçirilmiş və partiya sədrimiz Özgür Özəlin sədr seçildiyi Qurultayın ləğvi ilə bağlı məhkəmə prosesi gedir. Bu məhkəmə də 8 sentyabrda keçiriləcək.
Bu səbəbdən, hökumət bir çox cəbhədən partiyamıza geri çəkilmə çağırışı edir, aktiv müxalifət fəaliyyətini dayandırmağa, həftədə iki dəfə keçirilən mitinqlərə son qoymağa çalışır.
Cəmiyyətə səslənən, enerjili və güclü bir müxalifət anlayışını hüquqi yollarla boğmaq, müxalifətin səsini kəsmək istəyirlər. Bunu hər kəs görür".
İlhan Üzgel vurğulayıb ki, Özgür Özel həm də millət vəkilidir və onun toxunulmazlığı var:
"Sədrimizin mühakimə olunması üçün parlamentdə səsvermə yolu ilə bu toxunulmazlıq ləğv edilməlidir.
Hazırda belə bir prosesin olmayacağını düşünürəm. Amma təəssüf ki, Türkiyə siyasəti elə bir nöqtəyə gəlib çatıb ki, artıq “hər şey mümkündür” deyə bilirik".