Son illər Yaxın Şərqdəki geosiyasi balansın sürətlə dəyişməsi, xüsusilə İran və İsrail arasında gərginliyin artması, regionda sabitliyi ciddi şəkildə təhdid edən əsas faktor kimi qiymətləndirilir.
Bakıvaxtı.az-ın məlumatına görə, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanının müşaviri, briqada generalı İbrahim Cabbari tərəfindən verilən son açıqlama isə bu təhlükənin miqyasını bir daha ortaya qoydu.
General Cabbari bildirib ki, İranın yeraltı raket bazaları və müdafiə infrastrukturu əslində hələ də böyük ölçüdə gizli saxlanılır və ölkənin real hərbi potensialı ictimaiyyətə tam şəkildə açıqlanmayıb. Onun sözlərinə görə, İran silahlı qüvvələri istənilən xarici hücuma qarşı maksimum hazırlıq vəziyyətindədir və hətta İsrail və ABŞ-la müharibə başlasa, iki il ərzində fasiləsiz olaraq raket atmağa kifayət edəcək qədər sursata malikdir. Cabbari həmçinin qeyd edib ki, İranın indiyə qədər nümayiş etdirdiyi hərbi güc, əslində, yalnız məhdud imkanlarını əks etdirir. Əsas güc isə yeraltı sistemlərdə və tam açıqlanmamış strateji obyektlərdə gizlənir. Bu baxımdan, İsrailin və ABŞ-ın son hücumlarının İranın müdafiə potensialına hansı dərəcədə təsir etdiyini qiymətləndirmək çətindir.
Digər tərəfdən, ABŞ və İsrailin məqsədi yalnız İranın nüvə proqramını dayandırmaqla məhdudlaşmır. Onlar həmçinin İranın raket sənayesinə və strateji obyektlərinə zərbə endirmək, regionda öz üstün mövqelərini qorumaq istəyirlər. İran isə öz növbəsində, həm daxili təhlükəsizlik, həm də regional təsir gücünü qorumaq üçün bu cür hədəflərə qarşı gizli və çoxqatlı müdafiə mexanizmlərini daim təkmilləşdirir.
Beləliklə, İranın hərbi və müdafiə infrastrukturunun hələ də böyük hissəsinin aşkarlanmayıb saxlanılması, gələcəkdə regionda daha genişmiqyaslı qarşıdurma riskini ciddi şəkildə artırır.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, İranın raket bazalarının, raket sistemləri istehsalı zavodlarının və nüvə obyektlərinin tam şəkildə, yaxud da İsrail və Amerika Birləşmiş Ştatlarının istədiyi səviyyədə zərərsizləşdirilməməsi, ilk növbədə ABŞ-nin regiondakı mövqeləri və İsrail üçün ciddi təhlükə yaradır:
"Amerika Birləşmiş Ştatlarının regiondakı mövqeləri dedikdə, Amerikanın regionda həyata keçirdiyi ümumi siyasi strategiyası, müxtəlif ölkələrlə qurduğu diplomatik əlaqələr, eləcə də həmin ölkələrdə yerləşdirdiyi hərbi qüvvələr nəzərdə tutulur. İranın raket bazalarının və digər strateji obyektlərinin tamamilə məhv edilməməsi isə gələcəkdə bu obyektlərin qısa müddət ərzində bərpa olunmasına şərait yaradacaq. Bu vəziyyət, təbii ki, İsrailin maraqlarına uyğun gəlmir".
Əlimusa İbrahimov, politoloq
Müsahibimizin sözlərinə görə, İsrailin əsas məqsədi İranın nüvə proqramını tamamilə dayandırmaq, nüvə obyektlərini sıradan çıxarmaq və eyni zamanda İranın raket sənayesi və hava müdafiə imkanlarına ciddi zərbə endirməkdir. Bu məqsədlərinə çatmaq üçün İsrail ABŞ-dən dəstək alır və qarşılıqlı hərbi əməkdaşlıq çərçivəsində birgə əməliyyatlar həyata keçirirlər. Hazırda İsrail və ABŞ üçün əsas məsələ ondan ibarətdir ki, həyata keçirilən hücumlar nəticəsində İrana hansı səviyyədə zərər vurulduğunu, eləcə də qoyulan məqsədlərə hansı dərəcədə nail olunduğunu qiymətləndirsinlər:
"Eyni zamanda, regionda yerləşən digər müsəlman dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri də İrandan ciddi şəkildə ehtiyat edirlər. Bu dövlətlər, İranın artan hərbi gücünü region üçün əsas təhlükə mənbəyi hesab edir və məhz bu səbəbdən öz təhlükəsizliklərini təmin etmək üçün ABŞ-la daha sıx əməkdaşlıq etməyə çalışırlar".
Politoloq onu da əlavə edib ki, hazırda İranın hansı obyektlərinin sıradan çıxarıldığını və hansı dərəcədə ziyan gördüyünü dəqiq müəyyən etmək üçün müəyyən müddət tələb olunur. Bundan əlavə, İran parlamenti Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, beynəlxalq nəzarətçilər İranın strateji obyektlərində zəruri yoxlamalar apara bilmir:
"İran çalışır ki, mövcud vəziyyətlə bağlı məlumatların yayılmasının qarşısını alsın və kəşfiyyat orqanlarının raket texnologiyaları, hava müdafiə sistemləri və digər hərbi potensialla bağlı dəqiq məlumat əldə etməsinə mane olsun".
Əli Hüseynov