Xəbər verdiyimiz kimi, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəs Nazim Pənahov kimdir?
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Nazim Adil oğlu Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə təhsil alıb və oranı "Qızıl medal" ilə bitirib. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N. Nərimanov adına təqaüd alıb və 1993-cü ildə universiteti fərqlənmə diplomu ilə başa vurub.
1993–1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən etibarən həmin kafedranın professoru və kafedra müdiridir.
2003-cü ildə “Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilib.
2014-cü ildə “Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildə professor elmi adını alıb.
Nazim Pənahov Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür. Dövlət İmtahan Mərkəzinin “Ortopedik stomatologiya” ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tibb və əczaçılıq elmləri üzrə ekspert şurası”nın üzvüdür.
2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin əmri ilə ölkənin baş stomatoloqu vəzifəsinə təyin edilib. 2023-cü ilin yanvar ayından etibarən Belarus Respublikasında dərc olunan beynəlxalq “Стоматология. Эстетика. Инновации” jurnalının baş redaktorudur.
O, 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərsliyin, 1 dərs vəsaitinin, 1 tədris-metodik vəsaitin, 3 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiya müdafiə edib.
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına layiq görülüb.
Əli Hüseynov