Son günlər uşaqlar arasında koksaki virusuna yoluxma halları müşahidə olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı valideynlər sosial şəbəkədə övladlarının günlərlə bu virusdan əziyyət çəkdiyini bildirir.
Bəs koksaki nədir? Necə yoluxur?
Bakıvaxtı.az“Sağlam olaq” rubrikasında bu suallara cavab axtarıb.
Bakıvaxtı.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, koksaki virusu enterovirusların A və B qrupuna aiddir və RNA tərkiblidir.
S.Hacıyevin sözlərinə görə, bu, uşaqlarda daha çox müşahidə olunan, lakin böyüklərdə də rast gəlinə bilən yoluxucu infeksiyadır. Həkim bildirib ki, virusun yaz-yay aylarında yayılması daha çox müşahidə olunur.
Yoluxma yollarından danışan terapevt nəzərə çatdırıb ki, adətən nəcis-ağız yolu ilə baş verir. Xüsusilə uşaqların təmizlənməmiş əllərlə yemək yeməsi, çirkli oyuncaqlarla oynaması və ya gigiyenik cəhətdən təhlükəli su ilə təmasda olması virusun ötürülməsi üçün şərait yaradır.
“Bundan əlavə, öskürək və asqırma vasitəsilə hava-damcı yolu ilə də yoluxma mümkündür. Əllə salamlaşma və ardınca həmin əllərlə göz, burun və ağızın selikli qişasına toxunmaq da yoluxma riskini artırır”.
Müsahibimiz vurğulayıb ki, xəstəlik zamanı daha çox əl, ayaq və ağız içi zədələnir. Əldə, ayağın altında içi sulu vezikullar səpkilər olur. Ağız boşluğunda isə ağrılı və yanğı hissi ilə müşayiət olunan aftoz yaralar yaranır. Halsızlıq, iştahasızlıq, 38-39 dərəcəyədək çatan hərarət müşahidə olunur:
“Bu simptomlara əlavə olaraq bədəndə hərarət 38-39 dərəcəyə qədər yüksəlir, uşaq halsız və iştahsız olur. Xəstəliyin inkubasiya dövrü isə 3-6 gün təşkil edir”.
Sübhan Hacıyev, terapevt
S.Hacıyev həkimlərin bu diaqnozu daha çox klinik əlamətlərə görə qoyduğunu söyləyib. Müsahibimiz əlavə edib ki, bəzi hallarda virusun dəqiqləşdirilməsi üçün PZR testi vasitəsilə laborator müayinələrə ehtiyac duyulur:
“Əgər xəstəlik ağırlaşarsa, əlavə laborator analizlər aparılması lazım gələ bilər”.
Həmsöhbətimiz virusun müalicəsindən də danışıb. Bildirib ki, bu xəstəliyin xüsusi antiviral müalicəsi yoxdur. Yalnız simptomlara qarşı yönəlmiş müalicə tətbiq olunur.
Həkim izah edib ki, buraya yüksək hərarətin salınması, yaranan yaraların, xüsusilə ağız içi və əl yaralarının müəyyən dərmanlarla sağaldılması, bol maye qəbulu və immuniteti dəstəkləyən vitamin-mineral kompleksləri daxildir:
“Əgər vəziyyət ağırlaşarsa, xəstəni infeksion xəstəliklər şöbəsi olan xəstəxanaya yerləşdirmək tövsiyə olunur”.
Mina Mikayılova